• Ana səhifə
  • Xəbərlər
  • “AGTECH AND GREEN ENERGY” MÖVZUSUNDA BEYNƏLXALQ FORUMA HƏSR OLUNMUŞ MƏTBUAT KONFRANSI KEÇİRİLİB
“AGTECH AND GREEN ENERGY” MÖVZUSUNDA BEYNƏLXALQ FORUMA HƏSR OLUNMUŞ MƏTBUAT KONFRANSI KEÇİRİLİB

 

Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Forum keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzində bu mövzuya həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında çıxış edən kənd təsərrüfatı nazirinin müşaviri Şəbnəm Məmmədova ADA Universitetində keçiriləcək foruma dünyanın 16-ya yaxın ölkəsindən 40-dək xarici mütəxəssisin qatılacağını bidirib. “Yaşıl gələcək üçün innovasiyalar” şüarı altında keçiriləcək tədbirə dünyanın müxtəlif ölkələrindən aqrar və yaşıl texnologiyalar üzrə ixtisaslaşmış ən uğurlu startaplar, şirkət sahibləri, elm xadimləri və tədqiqatçılar, vençur kapitalistlər, visionmakerlər, ölkəmizdə artıq bu sahələr üzrə sözünü demiş yerli mütəxəssislər qatılacaqlar. Şəbnəm Məmmədova əlavə edib ki, “AgTech and Green Energy” forumunda energetika və aqrar texnologiyaların gələcəyi, yeni innovativ ekosistemlər və digər mövzularda panel müzakirələri aparılacaq, informativ sessiyalar keçiriləcək. Tədbir çərçivəsində həmçinin startaplar və fermerlər üçün seminarların təşkili də nəzərdə tutulur.

Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov bildirib ki, tədbirə Rumıniya,  Almaniya və Ukraynadan mütəxəssislər dəvət edilib. İlk dəfə bu cür tematik mövzuda keçirilən beynəlxalq forum xarici mütəxəssislərlə müasir dövrdə uğurla tətbiq olunan aqrar və yaşıl texnologiyalar, onların energetika sektoruna və aqrar sahəyə tətbiqinin yaratdığı üstünlüklər barədə fikir mübadiləsi aparmaq imkanı yaradır. Enerji effektivliyinə nail olmağın vacibliyini vurğulayan nazirlik rəsmisi bununla bağlı Energetika Nazirliyi tərəfindən xüsusi qanun layihəsinin hazırlandığını xatırladıb. Zaur Məmmədovun sözlərinə görə, ölkədə bioresurslardan istifadə potensialı çox böyükdür, bu potensialdan, xüsusilə bərpa olunan və alternativ enerji mənbələrindən yararlanmaqla daha böyük fayda əldə etmək olar. “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Forumun əhəmiyyəti barədə danışan Energetika Nazirliyinin rəsmisi əlavə edib ki, bu forum bioenerji layihələrinin təqdim olunması, startapların inkişafı baxımından yeni bir platforma rolunu oynamış olacaq.

Mətbuat konfransında media nümayəndələrinə forumun proqramı, dəvət olunmuş iştirakçılar, startaplar və fermerlər üçün keçiriləcək seminar mövzuları barədə geniş məlumat verilib.




 

 

  • A
  • A
  • A