Kənd Təsərrüfatı Nazirliyi Avropa İttifaqı (Aİ) ilə birgə “Azərbaycanda kənd yerlərinin inkişafı üzrə milli siyasətin gücləndirilməsi” Tvinninq Layihəsinə başlayıb.
Layihənin əsas komponentləri kənd yerlərinin inkişafı və kənd təsərrüfatına dövlət dəstəyinin müəyyənləşdirilməsi, proqramlaşdırılması və idarə edilməsidir. 2 il müddətində həyata keçirilməsi nəzərdə tutulan layihəyə İtaliya, Polşa və Litvadan olan mütəxəssislər cəlb olunub.
“Kənd Təsərrüfatı Nazirliyi indiyədək Avropa İttifaqı ilə birlikdə bir sıra layihələri uğurla həyata keçirib. 20 ildən artıq müddətdə davam edən əməkdaşlığımız geniş təcrübə mübadiləsinə imkan verib. Əminik ki, yeni başlayan layihə Azərbaycanda kənd təsərrüfatının inkişafında, bu sahə üçün əhəmiyyətli olan kadrların hazırlanması və biliklərin artırılmasında xüsusi rol oynayacaq”, - Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Aİ-Azərbaycan Tvinninq Layihəsinin təqdimatında deyib.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Simona Gatti yeni layihənin Azərbaycanın kənd təsərrüfatı və kənd yerlərinin inkişafı potensialının davamlı artımına mühüm töhfə verəcəyinə əminliyini bildirib: “Layihənin müxtəlifliyi ona ətraf mühiti və kəndin mədəni irsini qorumağa imkan yaradacaq. Avropa İttifaqının bu sahədə ən uyğun və uğurlu təcrübəyə malik üç ölkəsinin Avropa İttifaqı-Azərbaycan təşəbbüsünə qoşulmasında çox şadam. Bu layihə kənd təsərrüfatı, kənd inkişafı və qida təhlükəsizliyi sahələrində Aİ-Azərbaycan tərəfdaşlığını davam etdirir və kənd həyat səviyyəsinin yaxşılaşdırılmasına, ərzaq təhlükəsizliyinin yüksəldilməsinə imkan verir, bazara çıxışı və beləliklə də ticarət perspektivlərini artırır".
Layihəni həyata keçirən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev qeyd edib ki, aqrar sahəyə dövlət dəstəyi bilavasitə kənd yerlərinin inkişafına xidmət edir: “Çünki, kənd yerində yaşayan insanın həyat səviyyəsi aqrar sahədə məşğulluqla bağlıdır”.
“Azərbaycanda kənd yerlərinin inkişafı üzrə milli siyasətin gücləndirilməsi” layihəsinin rəhbəri olan Agentlik sədri əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli Fərmanı ilə kənd təsərrüfatı texnikaları və damazlıq heyvanların güzəştli şərtlərlə satışına tətbiq edilən yeniliklərdən sonra 27 iyun 2019-cu il tarixli Fərmanla “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın da təsdiqlənməsi aqrar sahəyə dövlət dəstəyinin davamlı olacağını nümayiş etdirir. “Subsidiyaların məqsədyönlü və təyinatı üzrə yönləndirilməsinin təşkili qarşımızda duran əsas vəzifədir. Ağıllı alətlərlə idarə edilən subsidiya sistemi həm dövlət vəsaitini qorumağa imkan verəcək, həm də fermerlərə dəstək olaraq, istehsala həvəsləndirəcək”, - deyə Mirzə Əliyev vurğulayıb.
Daha sonra AKİA sədri Tvinninq Layihəsi haqda ətraflı məlumat verib. Qeyd olunub ki, layihənin məqsədi Avropa İttifaqı ümumi kənd təsərrüfatı siyasətinin uğurlu mexanizmlərinin və ən yaxşı təcrübələrinin müəyyənləşdirilməsi yolu ilə Azərbaycanda kənd yerlərinin inkişafının həyata keçirilməsi istiqamətində milli siyasət və vasitələrin gücləndirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə dəstək verməkdir: “Kənd təsərrüfatı sahəsində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və siyasi iradəsi ilə başlanılmış yeni islahat dalğasında biz dünyanın qabaqcıl ölkələrinin aqrar sahədəki təcrübələrini öyrənir, bizə uyğun olanlardan faydalanırıq. Avropanın bir sıra ölkələri həm həcmdə, həm də innovasiyaların tətbiqi baxımdan dünyanın ən inkişaf etmiş kənd təsərrüfatı məhsulları istehsalçıları siyahısındadır. Keçdiyimiz islahat mərhələsində Avropa ölkələri bizim üçün müsbət nümunələrdəndir”.
Qeyd edək ki, layihə kənd təsərrüfatına dair strategiya və siyasətin hazırlanması və kənd yerlərinin inkişafının təşviqi ilə yanaşı, Aİ təcrübəsinə əsaslanan informasiya texnologiyaları prosedurlarının və Kompleks İdarəetmə və Nəzarət Sisteminin hüquqi aspektləri daxil olmaqla, əlverişli inzibati mühitin inkişaf etdirilməsi və müvafiq kadr potensialının qurulmasını nəzərdə tutur. Layihənin həyata keçirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrindən ibarət işçi qrup yaradılıb.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024