Qax, Saatlı və Sabirabad rayonlarında arıçılıq və heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup sahibkara “Arıçılıqda bal arılarının Avropa çürüməsi xəstəliyinin profilaktikası və mübarizə tədbirləri”, “İribuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” və “Xırdabuynuzlu heyvanların dabaq və qarayara xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzularında təlimlər keçirilib. Təlimlər Qax, Saatlı və Sabirabad rayonlarındakı baytarlıq mütəxəssisləri tərəfindən təsərrüfat şəraitində aparılıb.
Qax rayonunun Turaclı kənd sakini Abbasov Akif Valeh oğluna məxsus arıçılıq təsərrüfatında arıçılıqla məşğul olan fermerlər arasında “Arıçılıqda bal arılarının Avropa çürüməsi xəstəliyinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib. Səyyar formada keçirilən təlimdə iştirak edən arıçılara arı xəstəlikləri, arılara qulluq və saxlama qaydaları, ana arıların yetişdirilməsi, arı xəstəlikləri ilə mübarizə, arıların qidalanması və arıların Avropa çürüməsi xəstəliyi haqqında ətraflı məlumatlar verilib. Eləcə də təlim zamanı arıçılara Avropa çürüməsi xəstəliyinin baş vermə səbəbləri, xəstəliyin gedişi, təsərrüfata vurduğu iqtisadi ziyan, xəstəliyin müalicəsi, profilaktikası və xəstəliyə qarşı aparılan mübarizə tədbirləri barədə söhbətlər edilib. Bildirilib ki, arıların uçuş və hərəkətləri daim nəzarətdə olmalıdır.
“İribuynuzlu heyvanlarda qan-parazitar xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda keçirilən təlimlər Saatlı rayonunda Sadiqov Niyaza məxsus 12 baş “Simmental” və 14 baş yerli cinsdən olan heyvandarlıq təsərrüfatında baş tutub. Fermerlər, baytar həkimləri və DAİM nümayəndələrinin iştirakı ilə təsərrüfat şəraitində keçirilən təlimdə həm də iribuynuzlu heyvanların qan-parazitar xəstəliklərinin xüsusiyyətlərindən və iqtisadi zərərindən danışılıb. Qan-parazitar xəstəliyin gənələr vasitəsi ilə yayılmasını nəzərə alaraq yay mövsümündə heyvanların ən azı həftədə bir dəfə akarasid vasitələrlə işlənməsinin vacibliyi önə çəkilib. Xəstəliyin müalicəsinin fermerlərin vəsaiti hesabına aparıldığı vurğulanıb. Heyvanlar qan-parazitar xəstəlikləri ilə xəstələndikdə mütləq baytar həkiminə müraciət edilməsi, akarasid dərmanların saxlanılması və işlədilməsi zamanı təlimata əməl edilməsinin zəruriliyi qeyd edilib. Eləcə də qan-parazitar xəstəliklərinin müalicəsində yeni müalicə metodları və preparatlar haqqında ətraflı məlumatlar verilib.
Sabirabad rayonunun Nəriman kəndində heyvandarlıqla məşğul olan vətəndaş və fermerlərə “Xırdabuynuzlu heyvanların dabaq və qarayara xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib. Təlimdə iştirak edənlərə qarayara və dabaq xəstəliklərinin baş vermə səbəbləri, iqtisadi zərəri, xəstəliklərə qarşı aparılan peyvəndləmə və digər baytarlıq tədbirləri barədə ətraflı məlumat verilərək, xəstəliklərin profilaktikasında istifadə olunan vaksinlərin və digər vasitələrin dövlət vəsaiti hesabına alındığı və təsərrüfatlarda saxlanılan heyvanlara təmənnasız (ödəniş aparılmadan) tətbiq edildiyi bildirilib. Eləcə də qeyd olunub ki, heyvanları qarayara və dabaq xəstəliklərindən qorumağın ən etibarlı yolu vaksinasiyadır. Odur ki, baytar həkimləri peyvəndləmə apardığı zaman işin təşkilində və vaksinasiyanın optimal müddətdə başa çatdırılmasında fermerlərin yaxından köməyi vacibdir.
Təlimlərdə heyvan sağlamlığı və heyvanlardan insanlara keçə bilən xüsusi təhlükəli xəstəliklər, onların yaranma səbəbləri, profilaktikası və qarşısının alınması yolları, eləcə də xidmətin bu sahədə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumatlar verilib.
Keçirilən təlimlərdə baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər aparılıb.
Təlimlərdə həmçinin, xəstəliklərə qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətindən danışılıb. Arıların və heyvanların bəslənib saxlanması ilə məşğul olan fermerlərin qatıldığı təlimlərdə sözügedən xəstəliklərin qarşısının alınması və onların idarə olunması, təsərrüfatlarda rast gəlinən xəstəliklər, bu sahədə fermerlərin görə biləcəyi tədbirlər, baytarlıq-sanitariya qaydaları, xəstəlik törədicilərinə qarşı aparılan mübarizə yolları, eləcə də baytarlıq tədbirləri aparılan zaman zəruri sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi, dezinfeksiya, dezinseksiya işlərinin görülməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası, mövsümlə əlaqədar baş verən xəstəliklər və onlarla mübarizə, təsərrüfatlarda tez-tez rast gəlinən xəstəliklər barədə məlumatlar verilib.
Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024