Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tərkibində 11 rayonda - Abşeron, Bərdə, Göygöl, Lənkəran, Quba, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucarda regional aqrokimya laboratoriyaları yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 13 avqust 2016-cı il tarixli Kollegiya Qərarına əsasən bu laboratoriyaların idarəçiliyi Dövlət Fitosanitar Xidmətinə tapşırılıb.
Regional aqrokimya laboratoriyaları ilk növbədə əkinə yararlı torpaqların aqrokimyəvi tədqiqatını aparır, tədqiqat apardığı sahələrə aqrokimyəvi pasportlar verir və kartoqramlar hazırlayır, kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə edilməsi və onların keyfiyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdə iştirak edir. Eyni zamanda, torpaq mülkiyyətçilərinin sifarişi əsasında torpağın morfoloji, fiziki-kimyəvi, mexaniki və bioloji xüsusiyyətlərindən asılı olaraq kənd təsərrüfatı bitkilərinin qida maddələri və rütubət ehtiyatı ilə təmin edilməsini müəyyənləşdirir, torpaqların münbitliyinin artırılması və çirklənmədən mühafizəsi ilə bağlı təkliflər və tövsiyələr hazırlayır. Bitkiçilik məhsullarının (meyvə, tərəvəz, bostan, üzüm, dənli-paxlalı bitkilərin və yem bitkilərinin) tərkibində olan nitrit va nitratlarən miqdarını və pestisidlərin qalıq səviyyəsini kimyəvi analizlər vasitəsilə müəyyən edir, torpaq nümunələri, o cümlədən şoranlaşmış və şorakətləşmiş torpaqlardan götürülən nümunələr üzərində kimyəvi analizlər apararaq analizlərin nəticələrinə uyğun olaraq müvafiq təkliflər verir.
Yeni tikilmiş binalarda fəaliyyət göstərən regional aqrokimya laboratoriyaları qaz və maye xromatoqrafları, atomik spektrometr, PH-metr, spektrofotometr, kondiktometr, distillə aparatları, Keldal, stereoskopik (binokulyar) və bioloji mikroskoplar, təzyiqli süzmə dəsgahı kimi müasir cihaz və avadanlıqlarla təchiz edilib. Quba, Bərdə, Tovuz, Lənkəran, Şamaxı və Göygöl aqrokimya laboratoriyalarında cihaz və avadanlıqların quraşdırılması işləri tamamlanıb və laboratoriyalar tam gücü işə başlayıblar. Hazırda bu laboratoriyalarda torpaq analizləri aparılır.
Abşeron və Şəki regional aqrokimya laboratoriyalarının inzibati binalarının tikintisi davam edir, Ucar, Sabirabad və Salyan regional aqrokimya laboratoriyalarının tam gücü ilə fəaliyyətini təmin etmək məqsədi ilə yeni laboratoriya avadanlıqlarının alınması üçün sifarişlər verilib. İlin sonuna qədər adları qeyd edilən laboratoriyaların tam gücü ilə fəaliyyətə başlaması planlaşdırılır.
Məlumat üçün bildirək ki, kənd təsərrüfatı nazirinin 18 iyul 2018-ci il tarixli əmri ilə cari ilin avqustun 1-dən etibarən regional aqrokimya laboratoriyaları ödənişli fəaliyyət növü əsasında öz xidmətlərini fermer və təsərrüfat sahiblərinə təklif etməyə başlayıblar. Avqustun 1-dən bu günə qədər ümumilikdə fermer və sahibkarlar tərəfindən laboratoriyalara 90 torpaq nümunəsi təqdim edilib və müvafiq analizlər aparılıb. Analizlərdən sonra əldə edilən nəticələr əsasında vətəndaşlar onlara məxsus olan torpaq sahələrinin son vəziyyəti barədə məlumat əldə edir və müvafiq tədbirlər görürlər. Lənkəran regional aqrokimya laboratoriyası isə avqust ayı ərzində Lerik rayonu ərazisində 200 hektar sahədə kartoqramlar hazırlayaraq sahibkarlara təhvil verib.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024