Azərbaycan Dövlət Aqrar Universitetində Məzun Günü və 11-ci Məzun Yarmarkası keçirilib. ADAU-nun Mühəndislik fakültəsində keçirilən tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, nazir müavinləri İlham Quliyev və Seyfəddin Talıbov, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri, ölkədə fəaliyyət göstərən aparıcı kənd təsərrüfatı şirkətlərinin təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin maddi-texniki bazasının müasirləşdirilməsi, rəqabətədavamlı kadr hazırlığının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin göstərdiyi dəstək, dövlət sifarişli ixtisaslar, aparıcı şirkətlərlə əlaqələr, məzunların işlə təmin olunma səviyyəsi barədə məlumat verib. İbrahim Cəfərov mövcud mütəxəssislərin peşə hazırlığının artırılmasının daim diqqət mərkəzində saxlanıldığını deyib, tələbələrin mübadilə proqramları çərçivəsində xarici universitetlərə göndərildiyini, müasir standartlara cavab verən təlim proqramlarına cəlb olunduğunu vurğulayıb.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Nazir bildirib ki, dövlət başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir: “Bu gün aqrar sahə özünün ən inkişaf etmiş, ən uğurlu mərhələsini yaşayır. Aqrar sahənin inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin prioritetini təşkil edir. Bu gün aqrar peşə Azərbaycanda ən nüfuzlu peşələrdən birinə çevrilməkdədir. Təsadüfi deyil ki, görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Aqrar Universiteti dünyanın ən inkişaf etmiş, ən uğurlu universitetlərindən biridir. Universitetin güclü maddi-texniki bazası, ən müasir yataqxanaları, tədris korpusları var. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi davam edir. Hesab edirəm ki, Azərbaycan Dövlət Aqrar Universitetinin yetişdirdiyi hər bir tələbə gələcəyin uğurlu kadrı olacaq”.
Tədbirdə iştirak edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov aqrar sahənin sürətli inkişafından, bu sahəyə göstərilən dövlət qayğısından danışıb, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin apardığı aqrar siyasətin ilbəil daha böyük uğurlarla yadda qalmasından söz açıb. Məzunlara uğur arzulayan icra başçısı vurğulayıb ki, aqrar sahənin inkişafı həm də ADAU-da hazırlanan kadrların yüksək təhsili ilə bağlıdır.
Daha sonra “Gilan” şirkətinin Kənd Təsərrüfatı Qrupu İnsan Resursları Departamentinin direktoru Emil Hüseynov, “Azərsun Holdinq”in Kənd Təsərrüfatı və emalı müəssisəsinin insan resurslarının müdiri Yaşar Savadov yarmarkada təqdim olunan iş yerləri barədə məlumat verib, tələbələri öz karyeralarını qurmaq üçün təqdim olunan iş imkanlarından yararlanmağa çağırıb.
ADAU-nun aqronomluq fakultəsinin məzunu Nurlan Qədirov, baytarlıq fakultəsinin məzunu Zöhrə Babayeva, magistratura pilləsinin məzunu Fərid Alməmmədov təhsil müəssisəsində yaradılan şəraitdən söz açıb, keyfiyyətli təhsil və tədrisə görə minnətdarlıqlarını ifadə ediblər.
Təhsili müvəffəqiyyətlə başa vuran tələbələrə sertifikatlar və hədiyyələr təqdim edilib.
Rəsmi hissədən sonra nazir İnam Kərimov məzunlarla xatirə şəkli çəkdirib.
Tədbir çərçivəsində kənd təsərrüfatı naziri İnam Kərimov yarmarkaya dəvət olunan şirkətlərin nümayəndələri ilə görüşüb. Görüşdə aqrar sahədə peşəkar mütəxəssislərə olan ehtiyacın ADAU məzunları hesabına ödənilməsi, məzunlara təqdim edilən vakant iş yerləri barədə fikir mübadiləsi aparılıb.
Daha sonra nazir ADAU İnnovasiya Mərkəzində olub, Mərkəzin üzvləri həyata keçirdikləri innovativ təşəbbüslərlə bağlı təqdimatlar ediblər. Nazir həmçinin, Məzun Yarmakasının gedişi ilə tanış olub. Bildirilib ki, Məzun Yarmarkasında 44 rayondan 151 müəssisə iştirak edib və məzunlara 1124 iş yeri təklif edilib. Ümumilikdə bu il Azərbaycan Dövlət Aqrar Universitetindən 1170 nəfər məzun olacaq. Onların 772 nəfəri əyani, 226 nəfəri qiyabi təhsil almış tələbələrdir. Bundan başqa, 2018/2019 tədris ilində 172 tələbə magistr pilləsində təhsili başa vurub.
Nazir İnam Kərimov ADAU-nun 2 saylı yataqxanasının zalında Aqrar İnkişaf Könüllüləri ilə də görüşüb. Könüllülük fəaliyyətinin əhəmiyyətindən bəhs edən nazir bildirib ki, bu fəaliyyət bilik və bacarıqların təkmilləşməsində mühüm rol oynayır. Könüllülük fəaliyyətinin daha da genişlənməsinin zəruriliyini önə çəkən nazir Aqrar İnkişaf Könüllülərinin təşəbbüslərinə hər zaman dəstək veriləcəyini bildirib.
Tədbirdə çıxış edən Aqrar İnkişaf Könüllülərinin nümayəndələri verilən dəstəyə görə təşəkkür edib, həyata keçirdikləri layihələr barədə məlumat veriblər. Könüllülər aqrar təhsil, könüllülük fəaliyyəti, mübadilə proqramlarında iştirakla bağlı təkliflər irəli sürüblər. Təkliflər qeydiyyata alınıb, layihələrin müzakirəsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Sonda nazir İnam Kərimov ADAU Aqrar İnkişaf Könüllüləri ilə xatirə fotosu çəkdirib.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024