Azərbaycanda aqrar sığorta eksperti olmaq istəyənlər imtahan verəcəklər

Azərbaycanda aqrar sığorta eksperti fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün imtahan keçiriləcək.

Müstəqil ekspertlər institutunun yaradılması ölkədə tətbiq edilən aqrar sığorta mexanizminin çərçivəsində nəzərdə tutulub. Müstəqil ekspertlər aqrar sığorta zamanı risklərin və dəyən zərərin qiymətləndirilməsi xidməti göstərəcəklər.

Müstəqil ekspert statusu almaq istəyən şəxslər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən imtahandan keçməli, xüsusi təlimdə iştirak etməli və təlimin nəticələrinə görə növbəti imtahanı verərək Azərbaycan Mərkəzi Bankından sertifikat almaqla fəaliyyətə başlaya bilərlər.

Dövlət İmtahan Mərkəzi (DİM) aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanını elan edib. Elana əsasən, imtahanlarda iştirak etmək istəyən namizədlərin qeydiyyatı yanvarın 18-dən fevralın 7-dək aparılacaqdır. İmtahanın I mərhələsi fevral ayının 18-də keçiriləcəkdir.

İmtahan iştirakçıların sayı, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ya kağız daşıyıcılar vasitəsi ilə, ya xüsusi ayrılmış zallarda kompüter vasitəsi ilə elektron formada, ya da xüsusi yaradılmış proqram təminatı vasitəsilə proktorinq (proktorinq – distant video müşahidə və nəzarət qaydasında imtahanın təşkili formasıdır) qaydasında aparılacaqdır.

İmtahan kompüter vasitəsi ilə elektron formada aparılacağı təqdirdə Bakı şəhəri üzrə DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında və regionlar üzrə isə DİM-regional bölmələrinin yerləşdiyi binalarda keçiriləcəkdir (DİM-in regional bölmələrinin ünvanlarını dim.gov.az saytından öyrənə bilərsiniz). İmtahan proktorinq qaydasında təşkil olunarsa, namizəd ev və ya ofis şəraitində fərdi kompüterindən (və ya notbukundan) istifadə edərək imtahan verəcək. Proqramın yüklənmə linki DİM-in saytında elan ediləcəkdir. İmtahan kağız daşıyıcılar vasitəsi ilə aparılacağı təqdirdə namizəd buraxılış vərəqində göstərilən vaxtda və yerdə imtahanda iştirak etməlidir. 

İmtahan aşağıdakı növ sertifikatların verilməsi üçün təşkil olunur:

  1. Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;
  2. Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;
  3. Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.

İmtahanda aşağıdakı ixtisaslar üzrə ali və ya orta ixtisas təhsilli şəxslər iştirak edə bilərlər: 

1-ci sertifikat növü üzrə aqronomluq, bağçılıq və tərəvəzçilik və bitki mühafizəsi;

2-ci sertifikat növü üzrə baytarlıq, baytarlıq təbabəti, zootexniklik və zoomühəndislik;

3-cü sertifikat növü üzrə balıqçılıq və su bioehtiyatları və akvakultura. 

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 mart tarixli 106 nömrəli qərarı ilə təsdiq edilmişdir. 

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. 

İmtahanda iştirak ödənişlidir. Namizədlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 94.40 AZN (ƏDV daxil olmaqla) məbləğində pul vəsaitini əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

Qeydiyyat zamanı namizədin ali təhsil və ya orta ixtisas təhsili haqqında məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır. Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub - olmadığını "Elektron hökumət" portalından DİM-in "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə də öyrənə bilərlər.

Sistemdə müvafiq məlumatlar olmadıqda namizədin qeydiyyatı aparılmır. Bu halda namizəd ona aid məlumatların "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə məlumatları olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küç., 1M) müraciət etməlidirlər. 

Namizədlərin imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün aşağıdakılardan istifadə etmələri tövsiyə olunur:

Test imtahanı proqramları;

Namizədin yaddaş kitabçası” – kağız daşıyıcılar vasitəsilə keçirilən test imtahanları üçün; 

Namizədin yaddaş kitabçası” – kompüter vasitəsilə keçirilən test imtahanları üçün; 

Namizədin yaddaş kitabçası” – proktorinq qaydasında keçirilən test imtahanları üçün. 

İmtahanın I mərhələsi üzrə toplanması mümkün olan ümumi (maksimal) bal 120-dir.

72 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilir və onlar Aqrar Sığorta Fondu tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək hüququ qazanırlar. 

İmtahanda müvəffəqiyyət qazanan namizədlər barədə məlumatlar DİM tərəfindən Aqrar Sığorta Fonduna təqdim olunur. 

Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslərin siyahısı Aqrar Sığorta Fondu tərəfindən DİM-ə göndərilir və onlar təlim proqramına dair sualları əhatə edən imtahanın II mərhələsində iştirak edirlər. 

İmtahanın II mərhələsi haqqında məlumat təlimlər başa çatdıqdan sonra DİM-in internet səhifəsində veriləcəkdir.