“Şəhərdən Kəndə” layihəsinə cəlb edilən turizm şirkətlərinin sayı artırılır
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı və Dövlət Turizm Agentliyinin dəstəyi ilə "Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri" adlı dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Turizm Assosiasiyası və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının rəhbər şəxsləri, eləcə də ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.
Tədbirin təşkilində əsas məqsəd ölkəmizdə kənd turizminin inkişaf istiqamətlərini müzakirə etmək, şəhər əhalisi və xarici turistlər üçün alternativ səyahət imkanı yaratmaq, regionlarda yaşayan əhalinin sosial rifahının yüksəldilməsində pay sahibi olmaq və “Şəhərdən Kəndə” layihəsinin ölkə üzrə əhatə dairəsini genişləndirməkdir.
Tədbiri giriş sözü ilə açan "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova "Şəhərdən Kəndə" layihəsi barədə məlumat verib. O, layihə çərçivəsində artıq bir neçə turizm şirkəti ilə əməkdaşlıq edildiyini bildirib: "Biz istəyirik ki, bu layihə təkcə dövlət qurumları tərəfindən deyil, eyni zamanda özəl şirkətlər tərəfindən də dəstəklənsin, inkişaf etdirilsin. Bizim çağırışımıza artıq bir neçə turizm şirkəti səs verib, bir neçə şirkətlə əməkdaşlıq etmişik və bu əməkdaşlığımız hələ də davam edir. Məqsədimiz ölkəmizdə kənd turizmini inkişaf etdirməkdir. Bunun üçün fermerlərlə daha da sıx əməkdaşlıq etməliyik. Bu günə qədər bir neçə regionda fermer təsərrüfatlarına əlavə gəlir imkanı yaratmışıq, onlarda yenidənqurma işləri aparmışıq. Artıq o fermer təsərrüfatları 100-dən artıq turisti qəbul edib. Turizm şirkətləri ilə birgə işləyərək bu sayı daha da artırmaq istəyirik. 2021-ci ilə qədər layihə çərçivəsində 500-ə qədər fermerlə əməkdaşlıq etməyi qarşımıza məqsəq qoymuşuq. Biz layihəyə qoşulan fermerlərə təlimlər keçirik və bu təlimlər gələcəkdə də davam edəcək".
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov isə ölkəmizdə turizmin inkişafı üçün böyük işlərin görüldüyünü diqqətə çatdırıb: “Bu işi biz turizm şirkətləri ilə birgə həyata keçiririk. Biz təkcə Bakı ilə yekunlaşmaq istəmirik, kənd yerlərində də turizm üçün infrastruktur yaratmağa çalışırıq. Hazırda bütün dünyada kənd turizmi trendə çevrilib. "Şəhərdən Kəndə" layihəsi bu mənada ölkəmizin nümunəsidir. Bu layihə sayəsində fermerlər və kəndlər ictimaiyyətə təqdim olunur. Biz turizm şirkətlərinin və yerli fermer təsərrüfatlarını inkişaf etdirmək istəyirik. Düşünürük ki, bir-birimizə dəstək olaraq inkişaf etsək, inkişafımız o qədər də dayanıqlı olacaq".
Tədbirdə, həmçinin İsmayıllı rayonundan olan fermer Ramtiq Əlizadə və Şamaxı rayonunun Qonaqkənd kənd sakini, fermer Ceyhun Nuriyev də çıxış ediblər. Onlar "Şəhərdən Kəndə" layihəsi ilə əməkdaşlıqlarından, layihə çərçivəsində təsərrüfatlarında görülən işlərdən və onlara verilən təlimlərdən bəhs ediblər.
Çıxışlardan sonra isə tədbir müzakirələrlə davam edib. Turizm şirkətlərinin “Şəhərdən Kəndə” layihəsinə cəlb edilməsi, turizm fəaliyyətinə cəlb ediləcək fermerlərin və ailə-kəndli təsərrüfatlarının tapılması, fermelərə təlimlərin verilməsi və digər sahələrdə əməkdaşlığın qurulması əsas müzakirə mövzuları olub.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024