AZƏRBAYCANDA PAMBIĞIN ALIŞ QİYMƏTİ 50 MANAT ARTIRILDI

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıq tövsiyəsinə əsasən pambıq istehsalı ilə məşğul olan fermerlərin məhsul istehsalına həvəsləndirilməsi, onların maddi rifahının daha da yaxşılaşdırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin məsul işçilərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan şirkət rəhbərləri ilə görüş keçirilib.

Görüşdə cari ildə görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə nail olunması üçün həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilib.

Pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 50 manat artırılaraq 2018-ci ilin məhsulu üçün aşağıdakı kimi müəyyənləşdirilməsi barədə razılıq əldə edilib.

2018-ci il

1-ci növ

600-dən 650 manata

2-ci növ

580-dən 630 manata

3-cü növ

540-dan 590 manata

4-cü növ

500-dən 550 manata

Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması pambıq istehsalı ilə məşğul olan fermerlərin əlavə olaraq 12 milyon manatdan çox qazanc əldə etməsi gözlənilir. Bu, cənab Prezidentin fermerlərə göstərdiyi qayğı və diqqətin növbəti təzahürüdür.



 

  • A
  • A
  • A