• Ana səhifə
  • Xəbərlər
  • AZƏRBAYCANDA TOXUMÇULUĞUN MÖVCUD VƏZİYYƏTİNƏ HƏSR OLUNMUŞ MƏTBUAT KONFRANSI KEÇİRİLİB
AZƏRBAYCANDA TOXUMÇULUĞUN MÖVCUD VƏZİYYƏTİNƏ HƏSR OLUNMUŞ MƏTBUAT KONFRANSI KEÇİRİLİB

 

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov, Dövlət Fitosanitar Xidmətin rəisi Ələddin Eyvazov və nazirliyin fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov ölkədə strateji sahə sayılan toxumçuluğun mövcud vəziyyətinə həsr olunmuş mətbuat konfransı keçiriblər.

“Trend” İnformasiya Agentliyinin Akt zalında keçirilən mətbuat konfransında çıxış edən İmran Cümşüdov bildirib ki, ölkədə toxumçuluq kənd təsərrüfatının əsas strateji sahələrindən biri olaraq qalır:

 

“Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti bitki sortlarının ekspertizasını, sınağını, qeydiyyatını və mühafizəsini, kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsini və toxumçuluğa dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır. Bu ildən Dövlət Xidmətinin tabeliyində 12 regional  toxum sertifikatlaşdırma  mərkəzləri fəaliyyət göstərir. Laboratoriyalar müasir standartlara cavab verən cihaz və avadanlıqlarla  təchiz olunub. Toxumculuq  təsərrüfatları tərəfindən istehsal olunmuş və kondisiyaya çatdırılmış toxumların keyfiyyət analizləri bu laboratoriyalarda həyata kecirilir və keyfiyyəti müvafiq standartların tələblərinə cavab verən toxumlar sertifikatlaşdırılır. Ölkədə istehsal olunmuş və əkin üçün nəzərdə tutulan bütün toxumlar  toxum sertifikatlaşdırma  mərkəzlərində analiz olunmalıdır”.

 

İmran Cümşüdov bildirib ki, ölkədə laboratoriyada analiz olunmamış toxumların satışı və istifadəsi yolverilməzdir.

 

Dövlət Fitosanitar Xidmətin rəisi Ələddin Eyvazov sahələrdə zərərvericilərə qarşı bioloji mübarizə tədbirləri barədə məlumat verib. Onun sözlərinə görə, xəstəliklərə və zərərvericilərə qarşı davamlı toxum sortlarının yaradılması və toxumçuluğun texniki bazasının gücləndirilməsi vacibdir. Ələddin Eyvazov bildirib ki, yeni sort toxumların əkini zamanı aqrotexniki qaydalara riayət olunması ilə bağlı Xidmət tərəfindən müvafiq işlər görülür və bu işlər təsdiqlənmiş tədbirlər planına uyğun aparılır.

 

Kənd Təsərrüfatı Nazirliyinin fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov Azərbaycanda Toxumçular Assosiasiyasının yaradılması barədə məlumat verib. O bildirib ki, toxumçuluqla məşğul olan, ölkəyə toxum idxal edən fiziki və hüquqi şəxslərin öz işini qanunvericiliyə uyğun şəkildə qurması vacibdir və yaradılan assosiasiya bununla bağlı toxumçular arasında mütəmadi maarifləndirmə işlərinin aparılmasını həyata keçirəcək. Araz İsmayılov toxumçular qarşısında qoyulan əsas vəzifələrdən birinin ölkəyə keyfiyyətli toxum gətirilməsi olduğunu deyib və paralel olaraq yerli şəraitə davamlı toxum sortlarının yaradılmasının vacibliyini qeyd edib.

 

Mətbuat konfransında yeni yaradılmış toxum sortları, ölkəyə xaricdən gətirilən toxum sortlarının qeydiyyat proseduru, toxum bazarında mövcud vəziyyət, Azərbaycanın toxum ixracı potensialı, ölkədə inşa olunan toxum zavodları barədə geniş məlumat verilib. Nazirlik rəsmiləri jurnalistlərin mövzulara dair çoxsaylı suallarını cavablandırıblar.








  • A
  • A
  • A