Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu yaxın gələcəkdə ölkədə özəl sektorla əməkdaşlıq perspektivlərini dərinləşdirmək məqsədilə çoxşaxəli əməkdaşlığa başlayacaq. Əməkdaşlığın əsas istiqamətlərindən biri yerli makaron sənayesinin xammal təminatının gücləndirilməsi məqsədilə ölkədə bərk buğda əkini ilə məşğul olan fermerlərə göstərilən elmi təminatın gücləndirilməsidir. Bu ideyanın reallaşdırılması üçün artıq özəl sektor nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib, istehsalçı şirkətlərlə müzakirələr aparılıb.
Növbəti işgüzar görüş ölkənin əsas istehsalçı şirkətlərindən biri olan “Karmen” MMC-də keçirilib. İnstitutun kollektivi zavodun istehsal sahəsində olaraq makaron məhsullarının bişirilməsi, çeşidlənməsi, qablaşdırılması prosesi ilə yaxından tanış olub. Dəyirmanda makaron üçün seçilmiş buğda sortlarının üyüdülməsi, çeşidlərə ayrılması, laboratoriyada isə buğda nümunələrinin analizinə baxış keçirilib.
İnstitutun direktoru Faiq Xudayev bildirib ki, səfərdə əsas məqsəd istehsalçı şirkətlərin xammala olan tələblərini müəyyən etməkdir: “Ötən ay respublikamızda fəaliyyət gösətərən şirkətlərlə müzakirə apararkən onlar yerli bərk buğda istehsalına böyük təlabatlarının olduğunu bildirdilər. Ona görə də qarşımıza məqsəd qoyduq ki, elmi təminatı gücləndirməklə yaxın gələcəkdə ölkənin ümumi əkin dövriyyəsində bərk buğda əkininin çəkisinin artırılmasına nail olaq və nəticədə həm fermerlərimizin gəliri artsın, həm də şirkətlərimizin idxaldan asılılığı azalsın. Razılaşmaya əsasən, institut fermerlərə bərk buğda əkinini gücləndirmək üçün torpaq analizlərinin aparılması, becərmə, sort seçimi, aqrotexniki qulluq işlərində yaxından kömək edəcək, şirkətlər isə istehsal olunmuş məhsulun tədarükünü həyata keçirəcək. Ölkədə bərk buğda bazarının genişlənməsi müasir əkinçiliyin inkişafına ciddi təsir göstərəcək. Biz bu ideyanın əkin sahələrinin genişlənməsi, növbəli əkin sisteminin bərqərar olması, becərmənin müasir elmi yanaşma əsasında həyata keçirilməsi və digər müsbət təsirlərini görürük”.
Görüşdə iştirak edən “Karmen” MMC-nin departament direktoru İlqar Əhmədov ölkədə makaron sənayesi üçün xammal bazasının genişləndirilməsində maraqlı olduqlarını deyib: “Zavodumuzun bərk buğdaya təlabatı böyükdür, bu təlabatı yerli istehsal hesabına təmin etmək bizim əsas hədəfimizdir. Gələcəkdə üç tərəfli - alimlər-fermerlər-şirkətlərin əməkdaşlığına nail olmaqla ölkəmizin bərk buğda bazarını inkişaf etdirmək üçün Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlığa xüsusi maraq göstəririk. Əsas məsələ bərk buğda istehsalında keyfiyyət göstəricilərinin yüksəldilməsidir. Düzdür, Cəlilabad rayonundan buğda alırıq, lakin təlabatımız böyük olduğu üçün il ərzində Rusiya və Qazaxıstandan da buğda idxal etməli oluruq. Bugünkü müzakirəmizdə yerli istehsalın gücləndirilməsi ilə bağlı konkret istiqamətlər müəyyən etdik”.
Qeyd edək ki, Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yaradılmış işçi qrupu tərəfindən digər istehsalçı şirkətlərlə də görüşlər keçiriləcək, xammala olan tələbat müəyyən edilərək konkret inkişaf planı hazırlanacaq. Bundan sonra, ölkədə bərk buğda əkinçiliyinin inkişafı üzrə tədbirlər həyata keçiriləcək.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024