BU GÜNƏDƏK KÜMÇÜLƏR 499,28 TON YAŞ BARAMA TƏHVİL VERİBLƏR

Respublika üzrə yaş barama tədarükü davam edir. İyunun 14-nə kümçülər tərəfindən “Azəripək” MMC-yə 499,28 ton yaş barama təhvil verilib. Ötən gün kümçülər 47,66 ton yaş barama təhvil veriblər. Ən çox yaş barama təhvili iyunun 13-də qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər ümumilikdə 121,69 ton yaş barama təhvil veriblər.

Barama tədarükünə görə Zərdab, Füzuli, Zaqatala, Balakən, Ağcabədi, Bərdə, Şəki, Kürdəmir, Qax və Ağdam rayonları öndədir. Bu günədək Zərdabda 59,62 ton, Füzulidə 49,72 ton, Zaqatalada 46,87 ton, Balakəndə 43,24 ton, Ağcabədidə 45,20 ton, Bərdədə 32,65 ton, Şəkidə 31,98 ton,  Kürdəmirdə 21,33 ton, Qaxda 21,27 ton, Ağdamda 16,29 ton, Göyçayda 13,11 ton, Ağdaşda 12,46 ton, Tərtərdə 12,29 ton, Sabirabadda 11,36 ton, Ucarda 9,75 ton, Lənkəranda 7,48 ton, İmişlidə 5,29 ton, Cəbrayılda 4,85 ton yaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.

Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.