BU GÜNƏDƏK KÜMÇÜLƏR 565,02 TON YAŞ BARAMA TƏHVİL VERİBLƏR

Respublika üzrə yaş barama tədarükü davam edir. İyunun 17-nə kümçülər tərəfindən “Azəripək” MMC-yə 565,02 ton yaş barama təhvil verilib. Ötən gün kümçülər 11,14 ton yaş barama təhvil veriblər. Ən çox yaş barama təhvili iyunun 13-də qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər ümumilikdə 121,69 ton yaş barama təhvil veriblər.

Barama tədarükünə görə Zərdab, Füzuli, Zaqatala, Balakən, Ağcabədi, Bərdə, Şəki, Qax, Kürdəmir və Ağdam rayonları öndədir. Bu günədək Zərdabda 64,77 ton, Ağcabədidə 51,09, Zaqatalada 51,00 ton, Füzulidə 49,72 ton, Balakəndə 43,85 ton, ton, Şəkidə 38,99 ton, Bərdədə 35,33 ton, Qaxda 24,87 ton, Kürdəmirdə 22,43 ton, Ağdamda 16,80 ton, Ağdaşda 16,14 ton, Tərtərdə 14,41 ton, Göyçayda 14,18 ton, Sabirabadda 12,75 ton, Ucarda 11,06 ton, İmişlidə 8,54 ton, Tovuzda 8,42 ton, Ağsuda 8,29 ton, Lənkəranda 7,48 ton, Cəbrayılda 5,02 ton yaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.  

Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.