• Ana səhifə
  • Xəbərlər
  • CƏLİLABADDA FERMERLƏRİN TƏLİMİ VƏ XƏSTƏLİKLƏRƏ QARŞI APARILAN PROFİLAKTİK TƏDBİRLƏR DAVAM ETDİRİLİR
CƏLİLABADDA FERMERLƏRİN TƏLİMİ VƏ XƏSTƏLİKLƏRƏ QARŞI APARILAN PROFİLAKTİK TƏDBİRLƏR DAVAM ETDİRİLİR

Yanvar ayının ilk günlərindən başlayaraq Cəlilabad rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır. Rayonda aparılan epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləri də həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində  “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər edilir. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, Cəlilabad rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Tədbirlər Cəlilabad Rayon Baytarlıq İdarəsi tərəfindən aparılır.

Aparılan tədbirlər Cəlilabad Rayon Baytarlıq İdarəsinin 21 sahə baytarlıq məntəqəsinin baytar həkimləri tərəfindən yerinə yetirilir. İdarənin baytarlıq mütəxəssisləri rayonun 1 şəhər və 114 kəndində saxlanılan 98477 baş iribuynuzlu, 122461 baş xırdabuynuzlu, 5 min  baş  təkdırnaqlı heyvana, 3500 itə və 897000 baş quşlara baytarlıq xidməti göstərir.

İdarə cari ilin müvafiq dövrü ərzində Cəlilabad rayonunda 93122 baş iribuynuzlu, 134538 baş xırdabuynuzlu və 4449 baş təkdırnaqlı heyvanda qarayara, 3419 baş sahibli itdə quduzluq, 669 baş iribuynuzlu və 222 baş xırdabuynuzlu heyvanda leptospiroz, 92925 baş iribuynuzlu və 117594 baş xırdabuynuzlu heyvanda dabaq, 104162 baş iribuynuzluda nodulyar dermatit xəstəliklərinə qarşı peyvənd aparılıb. Eləcə də bu dövr ərzində 485389 baş (“H” ştammı ilə) quş və 1228616 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl, 2405 baş iribuynuzlu (Brudol S-19 ştammı) və 7475 baş xırdabuynuzlu (Rev-1 ştammı) heyvanda bruselyoz xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib. xəstəliklərinə qarşı peyvənd aparılıb. Eləcə də bu dövr ərzində  203200 baş (“H” ştammı ilə) quş və 520200 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliyinə  qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.

Baytarlıq idarəsi ilin əvvəlindən indiyə kimi baytarlıq-sanitariya işlərinin əsasını təşkil edən dezinfeksiya işlərini də gücləndirib. Belə ki, baytarlıq xidməti tərəfindən rayonun 663 obyektində 253832 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb. Eləcə də 12090 baş xırdabuynuzlu heyvanda ektoparazitlərə qarşı çimizdirilmə tədbiri aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə  2667 baş iribuynuzlu heyvandan, 32 baş ana qoyundan, 6 baş qoçdan qan alınaraq seroloji, eləcə də 15 baş ev quşu “quş qripi”nə, və 2107 baş iribuynuzlu heyvan vərəmə xəstəliyinə görə  diaqnostik müayinə edilib. Xəstəlik aşkar edilməyib.

Cəlilabad rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonrada peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iyun ayının sonuna kimi rayonda saxlanılan heyvanlar arasında nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda dabaq, çiçək, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktiki peyvəndləmə tədbirlərinin başa çatdırılması nəzərdə tutulub.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.