Çəyirtkələr (Acrididae) - düzqanadlılar (Orthoptera) dəstəsinin çəyirtkəkimilər (Acridoidea) fəsiləüstünə aid həşərat fasiləsidir. Hazırda respublika ərazisində çəyirtkələrin, əsasən daha təhlükəli 3 növünə - Mərakeş (Dociostaurus maroccanus Thunb.), Asiya (Locusta migratoria L.) və İtaliya Caloptenus italicus (Linnaeus) çəyirtkələrinə rast gəlinir. Mərakeş çəyirtkəsi geniş yayılmış və çoxsaylı növdür.
Ölkəmizdə Mərakeş çəyirtkəsi, əsasən yovşanlı sahələrdə yaşayıb, çoxalır. Bu çəyirtkənin əsas yayılma mənbələri Ceyrançöl, Haramı duzu Qarasu, Padarçöl, Küdrü, Hergi düzü, Şirinqum, Lapatin və Acınohur əraziləridir. Çəyirtkə qışlaqları Azərbaycanda 34 rayonun ərazisinə düşür.
Çəyirtkələr bitkilər üçün ən təhlükəli zərərvericilərdir. Bitkilərin yarpaq və digər orqanlarını kobud gəmirmək onların səciyyəvi zədələmələridir ki, bu çox vaxt bitkinin məhvinə səbəb olur. Bu ziyanvericilər taxıl, meyvə-tərəvəz, pambıq və s. mədəni bitki əkinlərini, hətta yarpaqları yeyərək meyvə ağaclarını belə məhv edirlər. Mərakeş çəyirtkəsi sürüləri, əsasən aran rayonlarında taxıl sahələrinə ciddi zərər verir. Mərakeş çəyirtkəsi sürfələri gün ərzində bədən çəkilərindən 10 dəfə çox qida yeməyə qadirdirlər.
Çəyirtkələrin qəflətən kütləvi uçuşu kənd təsərrüfatı bitkiləri (taxıllar, pambıq və s.) üçün xüsusilə təhlükəlidir. Qida axtaran sürfələrdən ibarət topalar (kuliqalar) keçdikləri yerlərdə bütün yaşıllıqları məhv edir. Sürfələr və yetkin çəyirtkələr bitkinin yarpağını, gövdəsini, sünbülünü, meyvəsini və s. yeyir. Ətrafda bitən bütün bitkiləri məhv etdikdən sonra, digər yerlərə uçurlar. Bəzən üzərinə toplanan çəyirtkələrin ağırlığından ağaclar və kollar sınır. Hər fərd ömrü boyu 300 qramadək yaşıl kütlə yeyir. Gün ərzində sürfələr 20-30 dəfə qidalanır. Kütləvi çoxalma dövründə fərdlərin sayı 1 m2-də bir neçə yüzə və hətta minə çatır. Çəyirtkələrin verdiyi zərər bəlaya, fəlakətə çevrilə bilir.
Mərakeş çəyirtkəsi qışı yumurta mərhələsində, xüsusi küpəciklər içərisində torpağın 2-7 sm dərinliyində keçirir. Dişi fərdlər 2-3 küpəcik qoyur və hər küpəcikdə 18-48 yumurta olur. Mərakeş çəyirtkəsinin sürfələri Azərbaycan şəraitində martın axırları və aprelin əvvəllərində görünməyə başlayırlar. Mühit şəraitindən asılı olaraq, sürfələr 30-60 günə inkişafını başa çatdırır, yetkin dişilər isə 2-3 ay qidalanır, yumurta qoyaraq məhv olurlar.
Asiya çəyirtkəsi də yumurta fazasında qışlayır. Dişi fərd 300-ə qədər yumurta qoya bilir. Yumurtalar hər birində 50-115 ədəd olmaqla, torpağın üst qatında (2-7 sm dərinlikdə) hazırladığı küpəciklərə (kisəciyə) yerləşdirilir. Kupəciyin uzunluğu 8-75 mm arasında dəyişir. Sürfələr küpəciklərin içərisində əmələ gəlirlər və aprelin birinci və ikinci ongünlüklərində torpağın səthinə çıxır, 1-2 ay müddətində 5 yaş keçirərək imaqoya çevrilirlər. Çəyirtkələr ildə bir nəsil verir.
Çəyirtkələr poykiloter orqanizmlərdir, bədən temperaturaları, eləcə də davranışları ətraf mühit temperaturundan çox asılı olur. Bədən temperaturası 26-27°C-ə çatdıqda sürfələr qidalanmağa başlayır, 35°C-ə çatdıqda isə hərəkət edirlər. Günəş şüaları bədən temperaturasının mühitin istiliyindən 10-15°C yüksək olmasını təmin edir. Bədən temperaturası aşağı (25°C-dən aşağı) və ya yüksək (torpaq səthində istilik 45°C-dən yuxarı olduqda) olduqda çəyirtkədə keyimə əmələ gəlir. İsti dövrdə qidalanma, əsasən səhər və axşam saatlarına təsadüf edir. Sürfələr aprel-may aylarında səhər saatlarında bitkilər üzərində keyimiş vəziyyətdə qalırlar. Mübarizə zamanı həşəratın bu xüsusiyyətləri nəzərə alınmalıdır.
Mübarizə tədbirləri : Çəyirtkələrə qarşı əsasən 3 mübarizə üsulundan istifadə edilir: mexaniki, aqrotexniki və kimyəvi üsullar.
Mexaniki üsul. Mexaniki zədələməklə (məsələn, ağır əşya ilə) yaşlı fərdlərin bir qismini məhv etmək olur ki, çəyirtkə sürülərinin əkinlərə kütləvi basqınları zamanı bu tədbir yararsızdır. Mexaniki üsul zərərvericinin torpaq altında üsküklərdə yaşama dövründə daha səmərəlidir. Sirayətlənmiş torpağı başdanbaşa belləmə və ya şumlamaqla yumurta və sürfələrin əsas hissəsi məhv edilir. Gövşəni və quru bitki qalıqlarını yandırmaqla da qoyulmuş yumurtaların bir qismini zərərsizləşdirmək mümkündür, lakin yumurtaların əsas hissəsi torpağın 5-7 sm dərinliyində yerləşdiyindən, yanma zamanı ayrılan istilik bu səviyyədə yerləşən yumurtalar üçün təsirsiz olur. Digər tərəfdən yandırma torpağın üst qatında faydalı biotanın məhvinə və torpaqda münbitliyin azalmasına səbəb olduğundan, tətbiqi tövsiyə olunmur Sürfə topalarının hərəkət etdiyi yollarda kanallar qazaraq, onları toplayıb məhv etmək də mexaniki üsula aiddir
Aqrotexniki üsul. Xüsusən payız aylarında torpağın üzdən yumşaldılması, malalanması və kultivasiyanın aparılması çəyirtkələr əleyhinə səmərəli tədbirlərdir. Erkən yazda əkinlər arasındakı boş yerlərin, yol kənarlarının və suvarma kanallarının yamaclarının disklənməsi faydalıdır. Bu əməliyyatlar qoyulmuş yumurtaların əzilərək və ya torpaq səthinə çıxaraq müxtəlif səbəblərdən məhv olmasına və zərərvericinin miqdarca azalmasına səbəb olur.
Erkən səpin, dondurma şumu və alaqlarla mübarizə aparmaq, sıx və bərabər cücərtilərin əldə edilməsi çəyirtkələrin yaşama və çoxalmaları üçün əlverişsiz ekoloji şəraitin yaranmasını təmin edir.
Kənd təsərrüfatı əkinləri üçün istifadə edilməyən sahələrdə yem bitkiləri səpməklə sıx ot örtüyü yaratmaq, otlaqları yaxşılaşdırmaqla biçənəyə çevirmək, otlaqların həddindən artıq tapdanmasına və otarılmasına yol verməmək, xam və dincə qoyulmuş torpaqlardan istifadə etmək və çoxalma yerlərində meliorativ tədbirlərin həyata keçirilməsi mərakeş çəyirtkəsinə küpəcikləri formalaşdırmağa və yumurta qoyuluşuna maneə olur.
Göl və çay ətrafı çaybasar, cillik və çökək (kollu və qamışlı) sahələrin qurudulması və kənd təsərrüfatı məqsədləri ilə istifadə olunması asiya çəyirtkələrinin çoxalma yerlərinin ləğv edilməsinə, həşəratın miqdarca məhdudlaşdırılmasına gətirib çıxarır.
Kimyəvi üsul. Çəyitkələrin sürətli hərəkət etmələrini, acgözlülüklərini və hərəkət yollarında yaşıl bitkiləri tam məhv etmələrini nəzərə alaraq, böyük sahələrdə onları məhv etmək üçün kimyəvi üsuldan geniş istifadə edilir.
Qışlama yerlərində çəyirtkələrin qış ehtiyatını (vahid ərazidə küpəciklərin və sağlam yumurtaların miqdarını) aşkar etmək məqsədilə monitorinqlər aparılmalı, vahid sahəyə düşən küpəciklərin miqdarı və digər təsir faktorları nəzərə alınaraq, kimyəvi mübarizə aparılması vacib olan sahənin həcmi proqnozlaşdırılmalıdır.
Mübarizə tədbirlərində Mitsubishi l-200 markalı pikap tipli avtomobillərə quraşdırılmış AU 8115M markalı ultra kiçik həcmli, Skout 28s-300 markalı aftonom ciləyici aqreqatlar, həmçinin traktorlara qoşulmuş 2000 litrlik qoşqulu çiləyicilərdən istifadə olunur. Mübarizə işləri Alfa-sipermetrin tərkibli Chrysamed Dedex (Alfa-sipermetrin 1% ULV) və Arrivo 25 ES (Sipermetrin 250q/l) preparatları ilə aparılır. Hazırda çəyirtkələrin sürfələri 1-ci yaş dövründədir və mübarizə tədbirləri müşahidələrin nəticələrinə əsaslanaraq lokal ərazilərdə aparılır.
Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarlara təsərrüfatlarında adıçəkilən zərərvericinin müşahidə edildiyi halda, dərhal Aqraq Xidmətlər Agentliyin müvafiq yerli qurumlarına ( Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin “1652” çağrı mərkəzinə məlumat verilməsini tövsiyə edir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024