Üç il əvvəl ordumuzun uğurlu hərbi əməliyyatı ilə düşmən işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sosial-iqtisadi inkişafın növbəti mərhələsi başlayıb. Kənddə yeni təsərrüfat vərdişləri formalaşır, sakinlər arasında məşğulluğun səviyyəsi yüksəlir. Ötən ildən kənd sakinləri örtülü sahədə tərəvəz və arıçılıq məhsullarının istehsalına başlayıblar. Bu ildən bəzi ailələr barama bəsləmə təcrübəsinə də yiyələndilər.
Kənd üçün yeni məşğulluq sahələrindən biri də pambıqçılıqdır. Kəndin yerləşdiyi bölgədə tarixən pambıqçılıq olsa da cocuq mərcanlılar bu sahənin incəliklərinə yiyələnə bilməyiblər. Çünki, əvvəllər kənddəki pambıq sahələri ləğv edilərək üzüm plantasiyaları salınmış, bununlada “ağ qızıl”ın yetişdirilməsi ilə bağlı təsərrüfat vərdişləri itmişdi.
Ötən il kənd sakinləri gəlirli sahə kimi pambıq əkini aparmaq istəyəndə məlum olmuşdu ki, bu texniki bitkinin aqrotexniki qaydalara uyğun olaraq əkib-becərməyi bacaran kadr yoxdur. Məhz buna görə Aqrar Elm və İnnovasiya Mərkəzinin Beyləqan rayonunda yerləşən yerli mərkəzində xüsusi işçi qrupu yaradılaraq həftədə iki dəfə olmaqla kənd sakinlərinə təlimlər keçirildi, onlarda nəzəri və praktik biliklər formalaşdırıldı. Bundan sonra bu il ilk dəfə olaraq 6 hektarda pambıq əkini aparıldı.
Kənd sakini Oqtay Həziyev deyir ki, aqrotexniki qulluq və bitki mühafizə tədbirləri ilə bağlı maarifləndirici tədbirlər aqrar sahədə çalışanlar üçün xüsusi əhəmiyyətə malikdir: “Kəndin inkişafı üçün çuğundur, pambıq kimi bitkilərin əkini vacib idi, lakin nədən başlayacağımızı bilmirdik. Dövlət səviyyəsində kəndə göstərilən dəstəyin davamı olaraq Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin əməkdaşları təmənnasız olaraq əməkdaşlıq etməyi təklif etdilər. İlk təcrübə olduğu üçün elmi məsləhət xidmətinin göstərilməsinə ehtiyacımız var idi. Mərkəzin əməkdaşları hər həftə sahələrimizə gələrək aqrotexniki qulluq və bitki mühafizə tədbirləri istiqamətində bizi məlumatlandırırlar. Nəticə göz qabağındadır, yüksək məhsuldarlıq gözləyirik. İlk təcrübəmiz uğurlu alınsa, növbəti ildən pambıq sahələrini daha da genişləndirəcəyik”.
Mərkəz əməkdaşlarının iştirakı ilə sahələrə növbəti müşahidə prosesində biz də iştirak etdik. Ümumi qənaətə görə, uzun illərdir əkin dövriyyəsindən kənarda qalmış bu torpaqlar pambıqçılıq üçün əlverişlidir. Mərkəz əməkdaşlarının tövsiyələrinə əsasən, sahədə səpin norması düzgün təyin olunub. İndiyə qədər 4 dəfə kultivasiya aparılıb, hektara 150 kq azot, 200 kq ammofos gübrəsinin verilməsi bitki çıxışını tam təmin edib, alaqlara qarşı uğurlu mübarizə aparılıb.
Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Mirağa Kazımov bildirdi ki, kən sakinləri ilə birgə həyata keçirilən tədbirlər öz bəhrəsini verib: “Kənd sakinlərinə məsləhət xidməti göstərməklə yanaşı, 3-ü xarici, 7-si yerli olmaqla 10 sortdan ibarət nümayiş sərgi əkinləri də həyata keçirmişik. Məqsədimiz odur ki, Cocuq Mərcanlı ərazisində məhsuldar, iqlimə uyğun sortları müəyyənləşdirək və gələcəkdə əkinləri bu sortlar əsasında təşkil edək. İstəyirik ki, kənddəki bu əkinləri respublikada ən nümunəvi əkinlər kimi təqdim edək, Cocuq Mərcanlı aqrar inkişaf baxımından da irəlidə olsun. Odur ki, havaların isti keçməsinə baxmayaraq həftədə iki dəfə kənddə sahələri müşahidə edir, öz məsləhətlərimizi veririk. Təkcə pambıq əkinlərində deyil, taxıl və çuğundur sahələrində də vəziyyət qənaətbəxşdir. Sevinirik ki, aylardır kənd sakinləri ilə birgə çəkdiyimiz əziyyət boşa getməyib. Xahiş edirəm yığım vaxtı bir də gəlib məhsuldarlığı öz gözlərinizlə görün”.
Qeyd edək ki, mərkəzlə kənd sakinləri arasında qurulmuş ilk elmi əməkdaşlığın uğurlarının daha çox olacağı və bu ildən pambıqçılığın Cocuq Mərcanlının təsərrüfat həyatına daxil olacağı gözlənilir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024