Kənd Təsərrüfatı Nazirliyi ilə "AZƏRTAC"ın birgə layihəsi - "Kəndbəkənd"
Şuşaya gedən azadlıq yolunun simvoluna çevrilmiş Cocuq Mərcanlı kəndində əhalinin yaz qayğıları başlayıb. Tez-tez eşidilən atəş səslərinə əhəmiyyət verməyən zəhmətkeş insanlar gündəlik işləri ilə məşğuldurlar.
Kənddə yeni həyat cəmi iki ildir başlayıb. 1994-cü ilin yanvarında kənd Horadiz əməliyyatı nəticəsində azad olunsa da Lələtəpə yüksəkliyində mövqe tutmuş ermənilər insanların burada yaşamasına, təsərrüfat fəaliyyəti ilə məşğul olmalarına imkan vermirdilər. 2016-cı ilin aprel döyüşlərində yüksəkliyin azad olunması ilə kəndə qarşı təhlükə aradan qalxdı, Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncamlar əsasında Cocuq Mərcanlıda birinci mərhələdə 50 ev tikildi, lazımi infrastruktur quruldu.
Sakinlərlə söhbətimizdə o günü hələ də xatırladıqlarını deyirlər. 2017-ci ilin iyun ayının 14-də dövlət başçısı kəndin bərpasından sonra Cocuq Mərcanlıda olub, yeni evlər, Şuşadakı “Gövhər Ağa” məscidinin analoqu və digər obyektlər sakinlərin istifadəsinə verilib. “O gündən kəndimiz gözümüzün qabağında böyüyür, getdikcə iri qəsəbəyə çevrilir”, - deyən kənd sakinləri öz sevinclərini gizlətmir. Artıq Cocuq Mərcanlıda iri istehsal sahələrinin qurulması, texnologiyalara əsaslanan təsərrüfatların yaradılması aparılır. Kənd hər gün qonaqlı-qaralıdır, yerli və xarici qonaqlar, rəsmi şəxslər, sadə insanlar kəndə baş çəkərək burada yaşayan insanların sosial rifah halının yaxşılaşdırılması üçün atılacaq addımları müzakirə edir, planlaşdırma aparırlar.
İkinci mərhələdə əlavə olaraq 100 evin tikilməsi ilk növbədə məşğulluq məsələsinin həllini ön plana çıxarır. Əhalinin əksəriyyəti kənd təsərrüfatı sahəsində çalışdığı üçün yeni sahələrin tapılması, kiçik ailə biznesi ideyalarının həyata keçirilməsi əhəmiyyətlidir. Düzdür, kənd sakinləri məcburi köçkün həyatı boyu təsərrüfatdan uzaq düşməmişdilər, amma kəndə qayıdış onlardan yeni təsərrüfat vərdişləri tələb edir. Onların sözlərinə görə, ilk növbədə ona görə ki, hazırda hər bir ailənin həm fərdi, həm də ümumi əkin torpaqları var. Və onlar min hektardan çox torpağı əkməli, dövrün tələbinə görə, bazar yönümlü məhsul istehsalına nail olmalıdırlar. Ötən təsərrüfat mövsümündə kənddə pambıqçılıq, şəkər çuğunduru, yem bitkiləri əkilib, baramaçılıq yenidən vüsət götürüb, əlavə olaraq iki yeni sahə - istixana şəraitində tərəvəzçilik və arıçılıq əhalinin məşğuliyyətinə daxil edilib.
Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Hüseyn Abbasov deyir ki, daim dövlət tərəfindən dəstəyin göstərilməsi Cocuq Mərcanlıda canlanmaya səbəb olub: “Daim dövlət qayğısı hiss edən kənd əhalisi gələcəkdə üzüm, meyvə bağlarının salınmasını, heyvandarlıq sahələrinin yaradılmasını vacib hesab edir. Çünki, həm kəndin yerləşdiyi coğrafi mövqe, həm də əhalinin bu həvəsinin olması sözügedən sahələrin inkişafı üçün ciddi zəmindir”. Onun sözlərinə, kəndin inkişafı ilə bağlı dövlət qurumları əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir.
“DAİM əməkdaşları da öz növbəsində kəndin aqrar potensialının gücləndirilməsinə kömək edir. Onlar hər gün əkin sahələrinə baş çəkərək əhaliyə lazımi köməklik göstərirlər. Kənddə aqrar sahənin inkişafı üçün qarşıda duran əsas məsələ su məsələsi idi. Cənab Prezident İlham Əliyev tərəfindən Cocuq Mərcanlıda məskunlaşan əhalinin kənd təsərrüfatı ilə məşğul olmasını təmin etmək üçün əkin sahələrinə suvarma suyu çəkilməsi barədə 13 sentyabr 2017-ci il tarixli sərəncam imzaladı. Hazırda kəndin əkin sahələrinə Araz çayından su çəkilməsi istiqamətində işlər sürətlə davam etdirilir. Layihə üzrə görüləcək tədbirlərin ümumi həcminin indiyə qədər böyük hissəsi həyata keçirilib. Bu yaxınlarda sakinlərə azot gübrələri pulsuz olaraq verildi. Eyni zamanda, Dövlət Baytarlıq Xidməti əhalinin istifadəsində olan heyvanlara tam nəzarət-müalicə işini həyata keçirir. Kənddə saxlanılan heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə yaxın vaxtlarda 200 doza miqdarında cins heyvan toxumu veriləcək. Demək olar ki, hər gün kənddə olur, təsərrüfatla məşğul olan sakinlərin müraciətlərini dinləyir, lazımi məsləhət və tövsiyələr veririk. Təmas xəttinə yaxın olduğu üçün əkinlərin tam uçotunu aparmaq çətinlik yaradır, hələ də minalı sahələr var. ANAMA təmizləmə işlərini davam etdirir. Ərazilərin təmizlənməsi işləri yekunlaşdıqdan sonra kəndin əkin dövriyyəsinə əlavə torpaqlar daxil ediləcək. Arazboyu ərazi olduğu üçün torpaqlar çox münbitdir və biz çalışacağıq ki, əkinlər yeni elmi metodlar əsasında aparılsın. Builki məhsul üçün kənd sakinləri çox həvəslə işəyirlər, 200 hektar pambıq əkini, 200 hektar isə çuğundur əkini üçün hazırlanıb, yaxın günlərdə səpin aparılacaq”, - deyə DAİM rəhbəri bildirdi.
Cocuq Mərcanlıda əkin sahələrinə baş çəkməyi də unutmadıq. Sahələrdə olan fermerlər yorulmadan gərgin əməklə məşğuldurlar. Fermer Rasim İsmayılov əkinə hazırlıq prosesi barədə məlumat verir: “Lələtəpənin alınması ilə 600 hektarlıq bir ərazi əkinə yararlı vəziyyətə gətirilib, onun böyük hissəsində yazlıq bitkilər əkəcəyik. Yerdə qalan hissə isə taxıl altındadır. Bu il mülayim hava şəraiti ilə bağlı olaraq becərmə işlərinə tez başlamışıq, hazırda gəmiricilərə qarşı mübarizə aparırıq. Birinci suvarma işlərini artıq başa çatdırmışıq”.
Fermer Fərhad İbrahimov da yaz qayğılarından danışdı: “Verilən dövlət dəstəyi çox vacibdir, kəndimizi yenidən qururuq. Əhalinin əksəriyyəti kənd təsərrüfatı sahəsində işlədiyi üçün bu sahə bizim üçün çox vacibdir. Bu il taxılda hektardan 45-50 sentner məhsul götürməyi planlaşdırmışıq. Sahələrdə gündəlik aqrotexniki işlərimizi aparırıq. Kənd Təsərrüfatı Nazirliyinin əlaqədar qurumları, eyni zamanda, DAİM əməkdaşları bizə çox kömək edirlər. Bu il daha çox köməyə ehtiyacımız olacaq, çünki, qışlama dövrü çətin keçib, il quraq gəlib, bütün sahələr suvarma altında olmalıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev kəndə gələndə xahiş etdik ki, su probleminə köklü yanaşılsın. Sağ olsun onun tapşırığı ilə ərazilərə iki istiqamətdən su xətləri çəkilib. Buna görə ötən il 620 hektarda taxıl, 70 hektarda yonca, 50 hektarda isə çuğundur becərib təhvil verdik”.
Kənd sakinləri torpağın onlar üçün müqəddəs olduğunu vurğuladılar: “Çox yaxşı başa düşürük ki, bu torpaqların hər qarışında şəhid qanı var. Ona görə də torpağın qarşısındakı mənəvi borcumuzu çox yaxşı başa düşürük. Bu gün torpağı əkib-becərmək, səngərdə düşmənlə üz-üzə dayanmış əsgərimizə göstərdiyimiz ən böyük mənəvi dayaqdır”.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024