• Ana səhifə
  • Xəbərlər
  • DÖVLƏT BAYTARLIQ XİDMƏTİ: “RESPUBLİKADA AFRİKA TAUNU XƏSTƏLİYİNƏ GÖRƏ EPİZOOTİK VƏZİYYƏT SABİTDİR”
DÖVLƏT BAYTARLIQ XİDMƏTİ: “RESPUBLİKADA AFRİKA TAUNU XƏSTƏLİYİNƏ GÖRƏ EPİZOOTİK VƏZİYYƏT SABİTDİR”

 

1957-ci ilə qədər Afrika taunu yalnız Afrikada müşahidə edilib, sonralar Avropa və Amerika qitələrində qeydə alınıb.

 

Keçmiş SSRİ məkanında Afrika taunu müşahidə edilməyib. Afrika taunu 2007-2017-ci illərdə Gürcüstan, Ermənistan, Çe­çe­nistan və Şimali Osetiyada, Rusiya Federasiyasının bir çox vilayətlərində, Ukraynada ev və vəhşi donuzlar arasında aşkar edilib.

 

Afrika taunu Azərbaycanın Qəbələ rayonunun Nic kəndində əhalinin donuzları arasında qeydə alınıb və həmin il aparılmış kompleks baytarlıq-sanitariya tədbirləri nəticəsində xəstəlik ləğv edilib. Hal-hazırda bu xüsusi təhlükəli xəstəliyə görə respublikamız Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB-in) sağlam ölkələri siyahısındadır.

 

Donuzlarda Afrika taunu itigedişli kontagioz xəstəlik olub, temperaturun yüksəlməsi, müxtəlif orqanların hemorroroji iltihabı, distrofik və nekrotik dəyişikliklər və toksikozla səciyyələnir. Xəstəliyə ilin bütün fəsillərində yaş qrupundan və cinsindən  asılı olmayaraq ev və vəhşi donuzlar yoluxur. Başqa heyvanlar və insanlar bu xəstəliyə həssas deyillər.

 

Xəstəliyin inkubasiya dövrü 2-22 gün olmaqla ildırımvari, iti və bəzən də yarımiti gedişi zamanı temperaturun 40,5-42,2 °C-yə qədər yüksəlməsi, 1-2 gündən sonra temperaturun aşağı düşməsi, nəbzin zəifləməsi, tənəffüsün səthiləşməsi, hərəkətin çətinləşməsi nəticəsində 2-3 gün ərzində ölüm baş verir.

 

Xəstəliyin iti gedişi zamanı temperaturun 40,5-42,5 °C-yə qədər yüksəlməsi və ölümə bir neçə saat qalmış 35 °C-yə qədər aşağı düşməsi müşayiət edilir. Heyvanda xəstəliyin ilk dövrlərində narahatlıq, göz qapaqlarının şişməsi, serozlu konyunktivit, gözün kənarlarında dərinin hiperemiyası müşahidə edilir.

 

Xəstəliyin yarımiti gedişi zamanı kliniki əlamətlər iti gedişli olduğu kimidir, ancaq zəif dərəcədə nəzərə çarpır. Bəzən bu xəstəlik salmonellyoz və pasterelIyozIa mürəkkəbləşərək həmin xəstəliklərə aid əlamətlər müşahidə edilir.

 

Xəstə heyvanlarda yüksək temperatur 6-8 gün davam edir və sonra 1,5-2,0 °C aşağı düşməklə bəzən təkrarən yenə də yüksəlir. Xəstəlik 15-25 gün davam edir və əksər hallarda ölümlə nəticələnir.

 

Xəstəliyin xroniki gedişi zamanı heyvanlarda iştahanın normal olmasına baxmayaraq, ümumi zəiflik, sürətli arıqlama, bronxopnevmoniya, artrit, qulaq dərisinin, quyruq ətrafı nahiyələrində nekroz, keratit müşahidə edilir.

 

Xəstəliyin xroniki forması 2 aydan 1 ilə qədər davam edir, donuzların bəziləri bronxopnevmoniya və arıqlama nəticəsində tələf olur, digər hissəsində isə xəstəlik latent(gizli) hala keçir və belə heyvanlar virus daşıyıcısına çevirilir.

 

Afrika taunu xəstəliyinə görə qeyri sağlam olan xarici ölkələrdən donuzların gətirilməsi qadağandır. Beynəlxalq dəniz və hava portlarında, sərhəd zonalarında, dəmir yolu və şose yollarında heyvan daşınması zamanı ciddi baytarlıq nəzarəti olmalıdır. Afrika taunu baş vermiş təsərrüfatda karantin qoyulur, həmin təsərrüfat ətrafında 5-20 km radiusda təhlükəli zona, 100-150 km radiusda isə yoluxma qorxusu ola biləcək zona müəyyən edilir və bu zonalarda müvafiq tədbirlər aparılır.

 

Xəstə təsərrüfatda olan bütün donuzlar qansız üsulla öldürülür. Öldürülmüş və xəstəlikdən tələf olmuş donuzlar, peyin, yem qalıqları və az qiymətli müxtəlif avadanlıqlar yandırılır.

 

Donuzlarda Afrika taununa qarşı müalicə aparılmır. Xəstə heyvanlar zərərsizləşdirilir. Həmçinin hazırda heyvana immunitet qazandıran peyvənd mövcud deyil.

 

Dövlət Baytarlıq Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən donuzlarda Afrika taunu xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

  • A
  • A
  • A