• Ana səhifə
  • Xəbərlər
  • DÖVLƏT BAYTARLIQ XİDMƏTİNİN RƏİSİ SAMUXDA DABAQ XƏSTƏLİYİNƏ QARŞI TƏKRAR PROFİLAKTİK PEYVƏNDLƏMƏ İŞL...
DÖVLƏT BAYTARLIQ XİDMƏTİNİN RƏİSİ SAMUXDA DABAQ XƏSTƏLİYİNƏ QARŞI TƏKRAR PROFİLAKTİK PEYVƏNDLƏMƏ İŞLƏRİ İLƏ TANIŞ OLUB

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Bayandur Rzayev Samux rayonunda heyvanların dabaq xəstəliyinə qarşı aparılan təkrar profilaktik peyvəndləmə işləri ilə tanış olub. Samux rayonunda “Həppi” ətlik-südlük heyvandarlıq təsərrüfatına gələn Xidmət rəisi heyvanların saxlama, yemləmə şəraiti və müxtəlif xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirlərini, dabaq xəstəliyinə qarşı aparılan təkrar profilaktik peyvəndləmə tədbirini izləyib.

Xidmət rəisinə təsərrüfatda görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, təsərrüfat 2013-cü ildə “Aqrolizinq” ASC vasitəsilə ilkin olaraq gətirilmiş “Holstein Friesian” cinsindən olan inəklərin alınması ilə yaradılıb. Hazırda təsərrüfatda 140 ətlik-südlük heyvan saxlanılır. Təsərrüfatın tərkibinə 300 başlıq ferma binaları, doğum, sağım və buzovluq bölmələri, yem istehsalı sahəsi, əkinçilik təsərrüfatı və digər köməkçi sahələr daxildir.

Bayandur Rzayevə təsərrüfatda saxlanılan inəklər, ətlik-südlük məqsədi ilə saxlanılan heyvanlar, yeni doğulmuş buzovlar, ferma və sağım sistemi avadanlıqları, xarici ölkə istehsalı olan kənd təsərrüfatı texnika və aqreqatları haqqında ətraflı məlumat verilib.

Təsərrüfatda istehsal edilən ekoloji təmiz ət, süd və süd məhsulları təsərrüfata məxsus mağazada satışa çıxarılır və alıcılara təqdim olunur.

Hazırda təsərrüfatda 9 nəfər işlə təmin olunub. Gələcəkdə iş yerlərinin sayının 25-ə çatdırılması nəzərdə tutulub.

Bayandur Rzayev təsərrüfat sahibinin müraciətini, arzu və təkliflərini dinləyib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib, eləcə də baytar həkiminin iştirakı və tövsiyəsi olmadan heyvanlar üzərində özbaşına müalicə, peyvəndləmə və profilaktik tədbirlərinin aparılmasının yolverilməz olduğunu qeyd edib. Xidmət rəisi bildirib ki, bir sıra təsərrüfatlarda vətəndaşlar heyvanları çimizdirərkən təlimata əməl etmir və baytar həkiminə məlumat vermədən özləri tərəfindən əvvəlcədən alınmış və uzun müddət şəraitsiz yerdə saxlanılmış dərman maddələrindən istifadə edirlər. Bu da son nəticədə heyvanlar arasında zəhərlənməyə və ölüm hallarının baş verməsinə gətirib çıxarır.

Xidmət rəisi həmçinin fermerlərin, təsərrüfat sahiblərinin müraciətlərinin sahə baytarlıq məntəqələri və baytarlıq idarələri tərəfindən qəbul edilərək çevik və vaxtında cavablandırıldığını vurğulayıb.

Görüşdə xidmət tərəfindən həyata keçirilən baytarlıq tədbirləri barədə məlumat verilib və hazırda respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə müvafiq tədbirlər görüldüyü bildirilib.




  • A
  • A
  • A