• Ana səhifə
  • Xəbərlər
  • DÖVLƏT XİDMƏTİ İLƏ ALMANİYA BEYNƏLXALQ ƏMƏKDAŞLIQ CƏMİYYƏTİ ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB
DÖVLƏT XİDMƏTİ İLƏ ALMANİYA BEYNƏLXALQ ƏMƏKDAŞLIQ CƏMİYYƏTİ ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB

  

Azərbaycanla Almaniya ətraf mühitin qorunması istiqamətində əməkdaşlığı davam etdirirlər

  

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə Almaniya Federativ Respublikasının Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) arasında anlaşma memorandumu imzalanıb.

3 il müddətinə imzalanmış memorandum Almaniya Hökumətinin həyata keçirdiyi \"Cənubi Qafqazda təbii resursların idarə olunması və kənd yerlərinin davamlı inkişafı üçün ekosistem xidmətlərinin mühafizəsi\" layihəsinin icraya başlanması ilə qüvvəyə minəcək.

Memorandumun məqsədi torpaqdan əsas istifadə sistemi olaraq kənd təsərrüfatına xüsusi diqqət yetirilməsi, təbii resursların səmərəli və davamlı idarə edilməsinin gücləndirilməsi, biomüxtəlifliyin və regionda mühüm ekosistem xidmətlərinin qorunmasıdır. Anlaşma ilə tərəflər “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə yer alan ətraf mühitin qorunması və dayanıqlı kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində əlaqələrin qurulmasına zəmin yaradıblar.

“Bu memorandum bizə dünyanın ən inkişaf etmiş ölkələrindən birinin – Almaniya Federativ Respublikasının təcrübəsini kəndlinin ən böyük neməti olan torpağın qorunması üçün istifadə etmək imkanı verəcək. Dövlət Xidməti və GİZ məlumat bazalarının strukturunun, istifadəsinin və məzmununun konsolidasiyası, aqrobiomüxtəliflik və ətraf mühitin qorunması istiqamətində birgə sosial-iqtisadi tədqiqatların aparılması, mövcud normativ sənədlərin qiymətləndirilməsi, mütəxəssislərin bilik və bacarıqlarının artırılması və başqa bu kimi fəaliyyətlərdə birgəlik nümayiş etdirə biləcək”. Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev deyib.

GIZ-in proqram direktoru deyib ki, Anlaşma Memorandumunun imzalanması ilə ətraf mühit sahəsində mövcud olan uzunmüddətli Almaniya-Azərbaycan əməkdaşlığı davam etdiriləcək: “Almaniya Federativ Respublikasının Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi kənd təsərrüfatının və otlaqların davamlı və biomüxtəliflik yönümlü inkişafı üçün 3 illik layihənin dəstəklənməsinə öz razılığını verib. GİZ təşkilatı Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bu layihəni  Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin tapşırığı ilə icra edəcək. Layihə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ətraf mühit mövzularının əhəmiyyəti baxımından hüquqi çərçivənin təkmilləşdirilməsini, aktual məlumatların verilməsini, kənd yerlərində pilot tədbirlərin icrasını və mütəxəssislərin təlimi və təkmilləşdirilməsini, həmçinin ictimaiyyətlə işi dəstəkləyir”.




 

  • A
  • A
  • A