• Ana səhifə
  • Xəbərlər
  • FERMER ŞƏKƏRALI BAXIŞƏLİYEV: “ÖLKƏDƏ CAMIŞÇILIĞIN İNKİŞAF ETDİRİLMƏSİ ÇOX VACİBDİR”
FERMER ŞƏKƏRALI BAXIŞƏLİYEV: “ÖLKƏDƏ CAMIŞÇILIĞIN İNKİŞAF ETDİRİLMƏSİ ÇOX VACİBDİR”

Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”

 

 “Azərbaycanda camışçılığın tarixi uzaq keçmişə gedib çıxır. Ölkəmizin təbii iqlim şəraiti heyvandarlığın bu sahəsinin intensiv inkişafı üçün olduqca münasibdir. Vaxtilə Kür qırağı, Araz vadiləri, Qazax-Qarabağ düzləri camışçılığın məskəni olub. Camışçılıq xalqımızın ərzaq məhsulları ilə təminatında həmişə mühüm rol oynayıb”. Bu fikirləri Ucar rayonunda yerləşən camışçılıq təsərrüfatında çalışan Şəkəralı Baxışəliyev deyib.

Onun sözlərinə görə, nadir və qeyri-adi sayılan bu heyvanlar yemə az tələbkardır: “Camışlar xəstəliklərə qarşı dözümlüdür. “Camışa qamış ver, ət və süd al” kəlamı əbəs yerə deyilməyib. Təzə camış südü çox ləziz olur. Camışlar inəklərə nisbətən az süd verirlər. Gündə sağmal camışlardan 3-4 kiloqram süd sağılır. Azərbaycanda camış südündən yerli əhalinin çox sevdiyi əla keyfiyyətli qatıq və süzmə, əvəzsiz qaymaq, dadlı şor alınır. Camış qatığı inək və qoyun qatığından qatı, dadlı, yağlı və qiymətli hesab olunur”.

Şəkəralı Baxışəliyev təsərrüfatda 125 camışın bəsləndiyini deyib: “Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsərrüfatımıza Macarıstandan macar cinsli 125 baş camış gətirilib. Onlardan 122 başı ana, 3 başı isə erkək camışdır. Gətirilən ana camışlardan  45 gündən sonra 60 bala almışıq. Heyvandarlıqda camışçılıq sahəsi səmərəli və gəlirli sahədir. Camışları təbii şəraitdə bəsləmək üçün güclü yem bazası və su hövzələrinin olması vacib şərtdir. Aran zonasında camışları sağlam saxlamaq üçün əsas məsələ təsərrüfatın su gölməçələrinə yaxın olmasıdır. Bütün bu amilləri nəzərə alaraq biz də camışçılıq təsərrüfatımızı məhz belə bir təbii iqlim şəraitində yaratmışıq. Macar camış cinslərinin yerli cinslərdən fərqi ondadır ki, bir sağımda 8 litr süd verir. Camışın südünün yağlılığı inəkdən 10 faiz yüksək olur. Əgər inəyin yağlılığı 4-5 faiz olursa, camışın südünün yağlılığı 10-12 faizdir”.

Fermer camışçılığın daha geniş yayılmasının vacibliyini vurğulayır: “Aran bölgəsində heyvandarlıqla məşğul olan fermerlərə tövsiyəm budur ki, onlar da camışçılıq sahəsi ilə məşğul olsunlar. Camışçılıqdan faydalı təsərrüfat yoxdur”.

 





 

  • A
  • A
  • A