FERMER: MAL-QARANIN CİNS TƏRKİBİNİN DƏYİŞDİRİLMƏSİ YAXŞI QAZANC GƏTİRİR

 

Aqrar sektorda aparılan islahatlar bu gün kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlığın inkişafına güclü təkan verib. Bu sahədə mal-qaranın cins tərkibinin dəyişdirilməsi və daha məhsuldar heyvanlarla əvəz edilməsi xüsusi əhəmiyyət kəs edir. Bunun üçün dövlət həm də süni mayalandırmanın imkanlarından maksimum səmərəli istifadə olunması, bu sahədə peşəkar texniklərin yetişdirilməsi, doğulan hər bir cins buzov üçün 100 manat subsidiyanın verilməsi ilə heyvandarlara güclü dəstək verir. Bu dəstəyin nəticələri respublikamızın hər yerində olduğu kimi Kürdəmir rayonunda da öz bəhrəsini verməkdədir. Təkcə bir faktı qeyd edək ki, bölgədə cari ilin on bir ayında süni mayalandırma yolu ilə 828 baş cins buzov alınıb, bunun üçün sahibkarlara 82 min 800 manat subsidiya ödənilib.

Ümumiyyətlə, mal-qaranın cins tərkibinin dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz edilməsi, konkret olaraq sahibkara nə verir?

Rayonun ən iri yaşayış məntəqələrindən olan Mollakənd kənd sakini, ailə fermer təsərrüfatının başçısı Ənvər İbrahimov deyib: “Cins mal-qara məhsul istehsalında əsaslı artım deməkdir. Əvvəllər yerli cinsdən olan inəklərdən gündə 4-5 litr süd sağırdıq. İndi isə inəklərimiz simmental cinsindəndir və 18-20 litr süd verir. Bir yaşında cöngədə 250 kiloqramadək ət olur. Ümumiyyətlə, cins heyvanlar yerli cinslərdən 3 dəfə çox gəlir gətirir. Əvvəllər yerli inəklər saxlamışıq, indi isə hamısı cinsdir. Gərək naxırın cins tərkibini dəyişdirəsən ki, yaxşı da qazanc götürəsən”. Fermer bildirib ki, təkcə ilin ötən dövründə 7 baş cins buzovları olub və hər buzova görə dövlət ona 100 manat subsidiya verib.

Ə.İbrahimov ailəliklə heyvandardır. Ailə fermer təsərrüfatında hazırda 17 baş cins heyvan var. Fermer inəklərin sayının 50 başa çatdırılması üçün bütün imkanlarını səfərbər edib.



 

  • A
  • A
  • A