Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
“Hazırda əkib-becərdiyim şaftalı bağlarını 1990-cı ildə icarəyə götürmüşəm. Bol məhsul yetişdirmişəm. Dövlətimiz şərait yaradıb, biz də bundan istifadə edib bağ salmışıq”. Bu fikirlərin müəllifi Xaçmaz rayonunun Ağtala kəndində yaşayan fermer İslam İsbatovdur.
Uzun illər peşə məktəbində müəllim işləmiş 72 yaşlı İslam İsbatov 20 ildən çoxdur meyvəçilik sahəsində fəaliyyət göstərir. O həm də rayonun qabaqcıl fermerlərindən sayılır. İslam İsbatovun təsərrüfatının yerləşdiyi Ağtala kəndi Nərəcan inzibati ərazi dairəsinə daxildir. Nərəcan və Ağtala kəndlərindəki bağların 90 faizində şaftalı yetişdirilir. Fermerin sözlərinə görə, bu kəndlərdə 1000 hektara yaxın meyvə bağında şaftalının 50-dən çox növü becərilir. Bağlarda yetişdirilən şaftalı nəinki Xaçmazda, eləcə də bütün Azərbaycanda məşhurdur.
İslam İsbatov hazırda şaftalı bağlarında məhsul yığımının ən qızğın çağı olduğunu bildirir. Meyvənin indiki qiyməti təsərrüfatçıları qane edir: “Bağa lazımi aqrotexniki qulluq göstəririk. Suvarma, dərmanlama və bu kimi bütün işləri vaxtı-vaxtında görürük. Bol məhsul əldə olunması üçün bütün bunlar vacib şərtdir. Bu işlər olmasa, meyvə zəif olar. Bağın budanmasına da diqqət yetirmək lazımdır. Şaftalı özü-özünü tozlandırır. Hər il də meyvə gətirir. Təsərrüfatımızda “Fədai”, “Qızıl yubiley”, “Elbert” kimi çox yaxşı şaftalı sortları var. Meyvəmiz də yaxşı satılır. Müştəri sarıdan da problemimiz yoxdur”.
Qeyd edək ki, Xaçmazda şaftalı yığımı oktyabr ayınadək davam edəcək. Ümumilikdə rayonda 3 min hektara yaxın şaftalı bağı var ki, bunun da böyük hissəsi barverəndir. Hər il bu bağlardan 20 min tona yaxın şaftalı toplanır. Yetişdirilən şaftalı yerli və paytaxt bazarlarında satılmaqla yanaşı, qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə də göndərilir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024