Aqrar Elm və İnnovasiya Mərkəzinin Gənc Alimlər Şurasının təşəbbüsü ilə Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda (MÇETİ) gənc alimlər üçün “İnnovativ düşüncələrinizi reallaşdırın!” mövzusunda elmi-praktiki konfrans keçirilib.
MÇETİ-nin direktoru İlham Qurbanov bildirib ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının prioritet sahələrindəndir və bu sektorun inkişafına ölkəmizdə böyük dəstək göstərilir. Qloballaşan dünyada hər hansı bir sahəni innovasiyalarsız təsəvvür etmək mümkün deyil. Kənd təsərrüfatı sektorunda da nailiyyətlərin əldə olunması məqsədilə innovativ texnologiyalardan geniş istifadə etmək qarşıya qoyulan əsas məqsədlərdəndir. Aqrar sahədə innovasiyaların tətbiqi gəncləri səfərbər etməyə imkan verən vacib vasitələrdən biridir. Gənclərin innovasiyalara meyilli olması onları bu sektorla maraqlanmağa sövq edir.
Konfransda AEİM-nin Gənc Alimlər Şurasının sədri Faiq Xudayevin “Aqrar sahənin innovativ inkişafında gənclərin rolu” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Prezident İlham Əliyev tərəfindən Azərbaycan gəncliyinin inkişafına hər zaman böyük qayğı və diqqət göstərildiyi vurğulanıb. Bildirilib ki, hər bir sahədə olduğu kimi, dövlət tərəfindən aqrar sahənin innovativ inkişafında da gənc ixtisaslı kadrların yetişdirilməsi diqqət mərkəzindədir.
Daha sonra Meyvəçilik və Çayçılıq, Üzümçülük, Tərəvəzçilik, Əkinçilik və Baytarlıq Elmi-Tədqiqat institutlarının gənc alim və mütəxəssisləri mövzu ətrafında çıxışlar edib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Konfrans çərçivəsində iştirakçılar MÇETİ-nin laboratoriyaları və istixana kompleksi, həmçinin Zərdabi adına Elmi Təcrübə Bazasındakı tingçilik təsərrüfatı ilə yaxından tanış olublar. Gənc alim və mütəxəssislərə məlumat verilib ki, institutda yaradılan biotexnologiya laboratoriyası ölkəmizdə meyvəçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Laboratoriyadakı iqlim otağında mikroklonal çoxaltma üsulu tətbiq edilməklə müxtəlif bitkilər yetişdirilir. Bu üsulla sortun xüsusiyyətlərini özündə daşıyan eyni bitkilərin alınması mümkündür. Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinglərinə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. İnstitutda yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.
Qeyd edək ki, Gənc Alimlər Şurasının təşəbbüsü ilə analoji konfranslar digər elmi-tədqiqat institutlarında da keçiriləcək.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024