GÜNƏBAXAN SƏHƏLƏRİNDƏ PARAZİT ALAQ OTU AŞKAR OLUNUB

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin fitosanitar monitorinqləri zamanı günəbaxan sahələrində parazit bitki olan Orobanş və ya xalq arasında kəhrə (türk dilində Canavar otu) adlanan alaq otu aşkar olunub. Sirayətlənmə Samux rayonunun Əhmədbəyli, Ağasıbəyli, Alıuşağı, Zazalı, Lək kəndlərinin ərazisini əhatə edib.

Mütəxəssislər tərəfindən fermerlərə və təsərrüfat sahiblərinə parazit alaq bitkisinə qarşı mübarizə tədbirlərinin aparılması ilə bağlı tövsiyyələr verilib.

Kəhrə çiçəkli parazit alaq otudur, əsasən günəbaxan, kələm, pomidor, tütün, kök, kartof, bibər, badımcan, qarpız, yemiş kimi mədəni bitkilərə yoluxur. Kökü və yarpağı olmur, yalnız gövdə, çiçək və tozlu toxumdan ibarət olur və gövdəsinin uzunluğu  50 sm-ə qədər çatır.

Hər günəbaxan bitkisinin kökündən 4-200 arası kəhrə çıxa bilir ki, bu da bitkinin böyüməsini dayandırır, günəbaxan bitkisinin kökündə inkişaf edərək mineral və üzvi maddələri mənimsəyir, sahib bitkini zəiflədərək məhsuldarlığı aşağı salır və məhv edir. Torpağın quru, optimal temperaturun 20-250C olması kəhrənin yayılmasına səbəb olur. Toxumları külək, su, və əmək ləvazimatları vasitəsi ilə çox asanlıqla yayıla bilir. Hər çiçəkdə 5000-ə qədər toxum olur. Toxum  münbit şərait olduqda 10 ilə qədər torpaqda qalaraq yaşam qabilıyyətini saxlaya bilir.

Aqrotexniki mübarizə zamanı aşağıdakı aqrotexniki qaydalara əməl etmək lazımdır:

Sahələrdə dərin şum aparılmalıdır; Kəhrə ilə sirayətlənməyə qarşı davamlı sortlardan istifadə edilməlidir ki, bu, ən effektli üsuldur; Əkinqabağı toxumun təmizliyinə ciddi riayət olunmalıdır; Sahədə kəhrənin toxumları yetişməmiş, alaqlar məhv edilməlidir; Ciddi sirayətlənmiş sahələrdə günəbaxan dən üçün deyil, vegetasiyası başa catmamış silosluq yemi kimi biçilib götürülməlidir ki, bu da kəhrənin toxumlarınin yetişməməsinə, yayılmamasına, eləcə də torpaqda toxum ehtiyatının azalmasına səbəb olur; Günəbaxan əkinlərində kəhrə ilə aqrotexniki mübarizədə növbəli əkin sistemindən istifadə edilməlidir, alaq otu ilə yoluxmuş sahələrə növbəti ildə qarğıdalı bitkisi əkilməsi məsləhət görülür; Ciddi sirayətlənmiş sahələrə günəbaxan 8-10 ildən sonra qaytarılmalıdır; Gecikdirilmiş və ya ilkin yazlıq əkinlər kəhrə ilə sirayətlənməni xeyli azaldır.

Adıçəkilən alaq otu ilə kimyəvi mübarizədə alaq otunun cücərtisi 4–6 yarpaq fazasında olduqda “İmazamox” tərkibli Korzamox 120SL herbisidindən 1,25 L/ha məsarif normasında istifadə etmək tövsiyyə edilir. İmazapir (15 qr/l) + imazamoks (33 qr/l) kimi ikili tərkibli herbisidlər 1,2 L/ha məsarif normasında daha təsirlidir.

Çıxışdan sonra vegetasiya müddətində günəbaxan sahələrini bu preparatların köməyi ilə 30 gün müddətinə qorumaq mümkündür.   

         

Müalicəvi əhəmiyyəti: Kəhrə çox qiymətli  müalicəvi  xüsusiyyətlərə malik olduğundan, sahədən müalicəvi məqsədlər üçün yığılması alağın mübarizəsində önəmli rol oynayır. Ondan diş ağrısı, cinsi zəiflik, miqren, nevroz, kollitlər, meteriozma, sistit, həzm sistemi və s. xəstəliklərinin müalicəsində və sidikqovucu vasitə kimi geniş istifadə edilir.

Nevroz zamanı bir cay qaşığı kəhrəni 250 ml qaynamış suda yarım saat  dəmləyərək, gündə 3 dəfə 20 ml olmaqla içilir.

Miqren zamanı 2 xörək qaşığı kəhrəni 1 litr qaynanmış suda 1.5 saat dəmləyərək, gündə 3 dəfə 100 ml qədər içilir.

Həzm sistemi xəstəliyində 2 xörək qaşığı kəhrə 250 ml qaynamış suda 3 saat dəmlənir, gündə 3 dəfə, hər dəfə də 50 ml içilir.

Sistit zamanı 2 çay qaşığı kəhrə çiçəyi 250 ml qaynamış suda dəmlənir və gündə 3-4 dəfə 30 ml olmaqla içilir.



 

  • A
  • A
  • A