Göygöl rayonu ərazisində “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya və müalicə tədbirləri davam etdirilir. Qeyd olunan tədbirlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Göygöl Rayon Baytarlıq İdarəsinin 13 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.
İdarənin baytarlıq mütəxəssisləri rayonun 1 şəhər və 44 kəndində, ümumilikdə 45 yaşayış məntəqəsində saxlanılan 21000 baş iribuynuzlu, 163000 baş xırdabuynuzlu, 1800 baş təkdırnaqlı heyvana, 3500 sahibli itə və 821200 baş ev quşuna baytarlıq xidməti göstərirlər.
Cari ilin müvafiq dövrü ərzində Göygöl rayonu ərazisində 21027 baş iribuynuzlu, 163206 baş xırdabuynuzlu və 1804 baş təkdırnaqlı heyvanda qarayara, 3534 baş sahibli itdə quduzluq, 98 baş iribuynuzlu, 49 baş xırdabuynuzlu heyvanda brusellyoz, 6013 baş iribuynuzlu, 6194 vaş xırdabuynuzlu heyvanda leptospiroz xəstəliklərinə qarşı peyvəndləmə işləri aparılıb. Eləcə də bu dövr ərzində 299754 (“H” ştammı ilə) baş quşda və 416002 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.
Fevral ayından Göygöl rayonunda saxlanılan heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 21261 baş iribuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilib.
Mart ayının ilk günlərindən isə Göygöl Rayon Baytarlıq İdarəsi tərəfindən iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 21477 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Həmçinin ilin əvvəlindən indiyə kimi baytarlıq xidməti tərəfindən rayonda 77866 kvadratmetr sahədə dezinfeksiya, 38960 kvadratmetr sahədə dezinseksiya və 4713 baş iribuynuzlu heyvanda çimizdirmə işləri görülüb. Ümumiyyətlə, rayon ərazisində olan təsərrüfatlarda heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 2433 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilib. Eyni zamanda vərəmə qarşı 977 baş iribuynuzlu heyvanda, manqoya qarşı 1040 baş atda diaqnostik müayinə aparılıb və xəstə heyvan aşkar edilməyib. Eləcə də cari ilin müvafiq dövrü ərzində 1016 baş iribuynuzlu, 1205 baş xırdabuynuzlu heyvandan və 941 baş quşdan kal (nəcis) nümunələri götürülərək Göygöl Regional Sınaq Laboratoriyasına göndərilib.
Hal-hazırda Göygöl rayonunda xırdabuynuzlu heyvanlarda çiçək, dabaq və bruselyoz, iribuynuzlu heyvanlarda brusellyoz və ev quşlarında nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri, eləcə də təsərrüfatlarda sağlamlaşdırıcı dezinfeksiya və dezinseksiya işləri, yaz-yay mövsümü ilə əlaqədar heyvanların qan-parazitar və digər transmissiv xəstəliklərdən qorunması məqsədilə çimizdirilmə tədbirləri aparılır .
Baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiqi barədə heyvan sahibləri ilə söhbətlər və izahat işləri aparılır. Həmçinin tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024