GÖYÇAYIN XURMA BAĞLARINDA QONUR LƏKƏLİLİK AŞKAR OLUNUB

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssiləri tərəfindən Göyçay rayonunun Qızılağac, Poti, Kürdəmiş kəndlərini əhatə edən 158 hektar xurma bağında fitosanitar müşahidələr aparılıb və 16 hektar sahədə xurma ağaclarının yarpaqlarında qonur ləkəlilik xəstəliyinə sirayətlənmə aşkar olunub.

Aparılan araşdırmalar nəticəsində xəstəliyin törədicisinin göbələklərin olduğu müəyyən edildiyi üçün Göyçay rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri fermer təsərrüfat sahibləri ilə görüşlər keçirərək kimyəvi mübarizə tədbirlərinin aparılması ilə bağlı müvafiq tövsiyələr veriblər.

Fermerlərin nəzərinə çatdırılıb ki, kənd təsərrüfatı bitkilərinin xəstəliklərinin əlamətləri aşkar olunub-olunmamasından asılı olmayaraq, mütləq  ilkin yazdan başlayaraq profilaktiki mübarizə işləri aparılmalıdır. Mübarizə işləri çiçəkləmədən əvvəl və çiçəkləmədən sonra da bir neçə dəfə müxtəlif tərkibli preparatlardan istifadə etməklə davam etdirilməlidir.

Meyvə yığıldıqdan sonra xurma bağlarında kompleks mübarizə tədbirləri həyata keçirilməlidir. Xəstəliklə sirayətlənmiş bitki qalıqları, yarpaqlar yığılaraq məhv edilməli, aqrotexniki qulluq işləri aparılmalı (ağacların dibi bellənməli, budama işləri aparılmalı, vaxtı-vaxtında sulanmalı), bitkinin xəstəliklərə dayanıqlığını artırmaq üçün vaxtında  üzvi və mineral gübrələr verilməlidir.

Təsərrüfat sahiblərinə məhsul yığımından sonra və ilkin yazda xəstəliyin yayılmasının qarşısını almaq üçün profilaktiki olaraq Bordo mayesindən istifadə olunması tövsiyə olunub. Həmçinin, vegetasiya müddətində 70%-lik Tiofanat metil (Topsin-1,0-1,5 kq/ka), 50%-lik Benomil (Fundazol-1,0 kq/ha), 75%-lik Siprodinil (Xorus -0,35 kq/ha) və digər təsiredici maddələrdən olan fungisidlərdən istifadə etməklə mübarizə aparılması məsləhət görulub.

Məlumat üçün bildirək ki, bağlarda profilaktiki mübarizə tədbirləri aparılmadıqda, yarpaqların üzərində qonur ləkələr əmələ gəlir və bu səbəbdən xəstəlik qonur ləkəlilik adlanır. Xəstəliklə sirayətlənmiş yarpaqlarda  qeyri-dəqiq, müxtəlif  ölçüdə kənarları tünd mərkəzə doğru solğun qonur ləkələr formalaşır. Yarpaq üzərində ləkələr yayın ortası və sonunda havanın  temperaturunun və nəmişliyin yüksək olması səbəbindən daha da intensiv inkişaf edir. Xəstəlik əsasən bitkinin yarpaqlarını  sirayətləndirir, meyvələrdə çox az təsadüf olunur. Ciddi sirayətlənmiş ağaclarda yarpaqlar saralaraq tökülür. Sirayətlənmiş bitkilərdə fotosintez prosesi pozulduğu üçün meyvələr üzvi maddələrlə lazımınca təmin olunmur, normal fizioloji yetişmə getmir və meyvələr tökülməyə başlayır.


 

  • A
  • A
  • A