Pasterelloz (hemorragik septisemiya) bütün növ ev və vəhşi heyvanlarının kəskin septik xəstəliyidir. Pasterelloza insanlar da həssasdırlar.
Xəstəliyin inkubasiya dövrü 1-5 gün müddətində olur. Qaramalda yüksək temperatur, ağır hal, zəiflik, tənəffüsün tezləşməsi, iştahasızlıq, laktasiyanın kəsilməsi, ishal halları qeyd edilir. Nəcis duru, üfunətli və qan ilə qarışıq olur. Xəstəliyin ödemli forması zamanı başın, boyunun, döşaltının şişməsi, konyuktivit, selikli qişaların sianozu müşahidə olunur və ölüm tez baş verir. Xəstəliyin döş forması zamanı iti plevropnevmoniya, qanlı ishal ilə əvəz olunan qəbizlik müşahidə olunur, ölüm faizinin yüksək olması (85 %) qeyd edilir.
Qoyunlarda (quzularda) xəstəlik iti və yarımiti gedişli olur, ümumi zəiflik, plevropnevmoniya, enterit, irinli konyuktivit və rinit müşahidə olunur. Yaşlı qoyunlarda xəstəlik ağır xronik gedişli olub tənəffüs orqanlarının zədələnməsi, irinli rinit və konyuktivit müşahidə edilir. Ölüm faizi çox yüksək olur.
Donuzlarda çox vaxt ikincili infeksiya kimi müşahidə olunur. Müstəqil xəstəlik kimi baş verdikdə yüksək temperaturlu, iti gedişli olur. Tənəffüs tezləşir, heyvanın qulaqları, boyunu, qarnı göyümtül-qırmızı olur, dəridə qansızmalar görünür. Xəstəlik yarımiti gedişli olduqda döş qəfəsi orqanları zədələnir; xroniki forma zamanı temperatur normal olur, öskürək, ümumi zəiflik, arıqlama müşahidə olunur. Xəstəlik əksər hallarda ölümlə nəticələnir.
Quşlarda (vəba) ildırımvari gedişli olur. Ölüm çox tez baş verir. Xəstəlik iti gedişli olduqda (bu forma daha çox müşahidə olunur) süstlük, yuxululuq görünür, tüklər qarışmış, iştaha kəsilmiş olur, bədən temperaturu 42-43°C-yə qədər yüksəlir, qanlı ishal qeyd edilir. Xəstəlik iki günə qədər sürür və quş məhv olur. Xəstəliyin xroniki gedişli iştahanın tədricən kəsilməsi və ağırlama ilə, anemiya, oynaqların, qanadların və ayaqların iltihabı və şişməsi ilə xarakterizə edilir.
Adadovşanlarında xəstəlik kəskin gedişli olduqda xəstəlik qəflətən baş verir, zəiflik, süstlük, tənəffüs və həzm orqanlarının zədələnməsi əlamətləri görünür və bir sutkadan sonra ölümlə nəticələnir. Xəstəlik xronik gedişli olduqda düşkünlük, tədricən arıqlama, anemiya, irinli-seroz rinit, konyuktivit və fasiləsiz ishal müşahidə olunur.
Xəstə heyvanları hiperimmun serumu ilə xəstəliyin başlanğıc stadiyasında müalicə edirlər.
Heyvanların saxlanması və yemlənməsi şəraitini yaxşılaşdırmaq, xəstə heyvanları ayrıca saxlamaq lazımdır. Serum və ya vaksinlə profilaktik immunizasiya keçirilməlidir, vaksindən etiketdə göstərilən qaydada istifadə edilməlidir.
Pasterelloza qarşı aparılan müalicə və profilaktik tədbirlər təsərrüfat sahibinin hesabına aparılır.
Dövlət Baytarlıq Xidməti bildirir ki, xəstəliyə qarşı təklif olunan preparatlar hər bir preparatın təlimatı əsasında baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024