• Ana səhifə
  • Xəbərlər
  • İMİŞLİDƏ FERMERLƏRİN TƏLİMİ VƏ HEYVANLAR ARASINDA XÜSUSİ TƏHLÜKƏLI XƏSTƏLİKLƏRƏ QARŞI APARILAN PROFİ...
İMİŞLİDƏ FERMERLƏRİN TƏLİMİ VƏ HEYVANLAR ARASINDA XÜSUSİ TƏHLÜKƏLI XƏSTƏLİKLƏRƏ QARŞI APARILAN PROFİLAKTİKİ TƏDBİRLƏR DAVAM ETDİRİLİR

Cari ilin yanvar ayından başlayaraq indiyə kimi İmişli rayonunda mövcud olan iri və xırdabuynuzlu heyvanlar və quşlar arasında profilaktiki peyvəndləmə, diaqnostiki müayinə  tədbirləri davam etdirilir.

Rayonda aparılan epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləri də həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər edilir. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Aparılan tədbirlər İmişli rayon Baytarlıq İdarəsinin 20 sahə baytarlıq məntəqəsinin baytar həkimləri tərəfindən yerinə yetirilir. İdarənin baytarlıq mütəxəssisləri rayonun 1 şəhər, 1 qəsəbə və  48 kəndində saxlanılan 95062 baş iri buynuzlu, 254979 baş xırda buynuzlu, 1717 baş  təkdırnaqlı heyvanlara və 1182738 baş quşlara baytarlıq xidməti göstərir.

Hazırda  rayonun Qaralar kəndi  ərazisində yerləşən Rəhmanov Sahil Pasan oğluna məxsus “İmişli-R-Aqro” cins damazlıq heyvandarlıq kompleksində dabaq xəstəliyinə qarşı profilaktiki peyvənd tədbirləri aparılır. Təsərrüfatda 600 baş “Holşten-friz “ və “Simmental” cinsindən olan damazlıq  heyvanlar saxlanılır. Eləcə də təsərrüfatda ilin əvvəlindən indiyə kimi qarayara, nodulyar-dermatit və sair xəstəliklərə qarşı profilaktiki tədbirlər aparılaraq bruselyoz xəstəliyinə qarşı seroloji müayinələr yerinə yetirilib. Təsərrüfatda 2500 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb.

İlin əvvəlindən bəri İmişli rayonunda 94998 baş iribuynuzlu, 1791 baş təkdırnaqlı heyvanda qarayara, 5836 baş sahibli itdə quduzluq, 95176 baş iribuynuzlu və 196764 baş xırdabuynuzlu heyvanda dabaq, 6614 baş iribuynuzlu və 4398 baş xırdabuynuzlu heyvanda leptospiroz, 294060 baş xırdabuynuzlu heyvanda çiçək, 95016 baş iribuynuzluda nodulyar dermatit xəstəliklərinə qarşı peyvənd aparılıb. Eləcə də bu dövr ərzində 695092 baş (“H” ştammı ilə) quş və 786464 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl, 2405 baş iribuynuzlu (Brudol S-19 ştammı) və 7475 baş xırdabuynuzlu (Rev-1 ştammı) heyvanda bruselyoz xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 863 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilib. Eyni zamanda vərəmə qarşı 2053 baş iribuynuzlu heyvanda diaqnostik müayinə aparılıb və xəstə heyvan aşkar edilməmişdir.

İyun ayı ərzində xırdabuynuzlu heyvanlar arasında qarayara və dabağa qarşı profilaktiki tədbirlərin başa çatdırılması nəzərdə tutulub, eyni zamanda xırdabuynuzlu heyvanlarada “Rev-1” və iribuynuzlu heyvanlarda “Brudol S-19” vaksinləri ilə bruselyoza qarşı tədbirlər davam etdiriləcək. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi) iribuynuzlu heyvanlarda vərəm (allergit müayinə) xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.)  koprolojı müayinələrin aparılması nəzərdə tutulur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.