İribuynuzlu heyvanların qan-parazitar xəstəlikləri respublikanın bütün bölgələrində geniş yayılır və heyvandarlığın inkişafına böyük zərər vurur. Xəstələnmiş heyvanlar arasında gecikmiş müalicə-profilaktika tədbirlərinin aparılması nəticəsində ölüm halları 40-70% səviyyəsində olur. Xüsusilə, xarici ölkələrdən gətirilmiş cinslər qan-parazitar xəstəliklərinə qarşı daha davamsızdır, vaxtında tədbirlər görülməzsə heyvandarlar itkilərlə üzləşə bilərlər.
İribuynuzlu heyvanların qan-parazitar xəstəliklərinin, xüsusən piroplazmoz və fransaiellozun törədicilərinin keçiriciləri otlaq gənələridir. Heyvanların piroplazmoz və fransaiellozla xəstələnməsi il ərzində üç dəfə müşahidə olunur. Xəstəliyin birinci yoluxma dövrü yazda (aprel-may ayları), ikinci dövrü yayda (iyun-iyul ayları) və üçüncü dövrü isə payızda (sentyabr-oktyabr ayları) baş verir. Heyvanların xəstələnməsinin bu dövrləri xəstəlik keçiriciləri olan otlaq gənələrinin aktivləşmə dövründən asılıdır.
İribuynuzlu heyvanların qan-parazitar xəstəlikləri ilə kütləvi yoluxması təsərrüfatlarda heyvanların otlaq şəraitində saxlanması zamanı baş verir. Lakin onu da qeyd etmək lazımdır ki, tövlə şəraitində saxlanılan heyvanlar arasında da qan-parazitar xəstəlikləri baş verir. Bu hal təsərrüfat üçün təzə otun biçilərək gətirilməsi, müxtəlif ev heyvanlarının dəyişdrilməsi və bu kimi hallar zamanı otlaq gənələrinin təsərrüfata daxil olması ilə əlaqədardır.
Piroplazmoz və fransaiellozla xəstələnmiş heyvana ilkin diaqnoz kliniki əlamətlərə əsasən qoyulur: yemdən imtina, bədən temperaturunun yüksəlməsi (xəstəliyin ilk günlərində 400C-ə, sonra 40,5-41,50C), gözün selikli qişasının saralması və sonralar isə qan sızıntılarının olması. Hər iki xəstəlik üçün göstərilən ümumi əlamətlərdən başqa piroplazmozda fransaiellozdan fərqli olaraq xəstəliyin ilk günlərində qanlı sidik müşahidə olunur. Lakin fransaiellozda piroplazmozdan fərqli olaraq qanlı sidik xəstəliyin son günlərinə qeyd olunur.
Piroplazmoz və fransaiellozla xəstələnmiş heyvanların müalicəsində effektiv nəticə almaq üçün xəstə heyvanların periferik qanının laboratoriya şəraitində müayinə olunması vacibdir. Bu dəqiq diaqnoz qoymağa kömək edir. İribuynuzlu heyvanların piroplazmoz və fransaileozunu müalicə etmək üçün respublikada diminazin-aseturat tərkibli parazitotrop preparatlar mövcuddur.
Heyvanların qan-parazitar xəstəliklərinin profilaktikası zamanı keçirici iksodidi gənələrinin aktivləşmə dövründə otlaq şəraitində saxlanılan heyvanları təlimata uyğun olaraq gənələrə qarşı vaxtaşırı çimizdirilməsi vacibdir. Bundan başqa tövlə və tövləətrafı ərazilər də dezakarizasiya olunmalıdır. Bağlı şəraitdə saxlanılan heyvanlarda isə gənələrin aktivləşmə dövründə (aprel-may) hər ay heyvanları gənələrə qarşı çimizdirmək, eləcədə tövlə və tövləətrafı əraziləri dezakarizasiya etmək lazımdır.
Heyvanları gənələrdən təmizləmək üçün peritroid preparatların istifadəsi məsləhətdir. Bu preparatların təsir müddəti köhnə nəsil akarisidlərə nisbətən bir neçə dəfə çox, heyvan və insanlar üçün təhlükəsizdir. Peritroid preparatlar 1,5 aydan bir istfadə olunmalıdır.
Kamal Mirzəbəyov
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun
Parazitologiya şöbəsinin aparıcı elmi işçisi
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024