İsmayıllı rayonunda “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndlənmə, diaqnostik müayinə, dezinfeksiya, dezinseksiya, müalicə tədbirləri və təlim işləri davam etdirilir. Qeyd olunan tədbirlər və təlimlər İsmayıllı Rayon Baytarlıq İdarəsi tərəfindən aparılır.
Rayonda aparılan epizootik tədbirlərlə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işləri də həyata keçirilir. Bu zaman baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də sahibkarlar tərəfindən özbaşına-baytar həkiminin iştirakı olmadan heyvanlara dərman preparatlarının verilməsi və gənələrə qarşı çimizdirilmə aparılan zaman təlimatın gözlənilməməsi, heyvanların yem rasionuna düzgün əməl edilməməsi və digər mühüm amillərin nəticəsində yaranan fəsadlar barədə ətraflı söhbətlər edilir. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi bildirir ki, İsmayıllı rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. İlin əvvəlindən bəri İsmayıllı rayonunda 50849 baş iribuynuzlu, 180695 baş xırdabuynuzlu 1669 baş təkdırnaqlı heyvanda və 172 baş donuzda qarayara, 2965 baş sahibli itdə quduzluq, 51547 baş iribuynuzlu və 43996 baş xırdabuynuzlu heyvanda dabaq, 6228 baş iribuynuzlu heyvanda leptospiroz, 180237 baş xırdabuynuzlu heyvanda çiçək, 246 baş donuzda klassik taun, 51227 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliklərinə qarşı peyvənd aparılıb. Eləcə də bu dövr ərzində 396220 baş (“H” ştammı ilə) quş və 463185 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliyinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.
Baytarlıq idarəsi ilin əvvəlindən indiyə kimi baytarlıq-sanitariya işlərinin əsasını təşkil edən dezinfeksiya işlərini də gücləndirib. Belə ki, baytarlıq xidməti tərəfindən rayonun 359 obyektində 4901 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.
İsmayıllı rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə və müayinə tədbirləri davam etdiriləcək. Belə ki, iyun ayının sonuna kimi rayonda saxlanılan heyvanlar arasında nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda dabaq, çiçək, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktiki peyvəndləmə tədbirlərinin başa çatdırılması nəzərdə tutulub.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024