Fermerlər təsərrüfatlarında zərərvericilərin vəziyyətini SMS ilə öyrənə biləcəklər
“Rəqəmsal Kənd Təsərrüfatı” layihəsi çərçivəsində alma meyvəyeyəni (Cydia pomonella) zərərvericisinin monitorinqinin aparılması üçün Quba və Qusar rayonlarında mövcud iqlim stansiyalarının əhatə dairəsindəki 20 təsərrüfatda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitunun və Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən feromon tələlər quraşdırılıb. Məqsəd fermerlərin əlavə xərclərinin və ətraf mühitə dəyən zərərin azaldılması və məhsuldarlığın artırılmasına nail olmaqdır.
Fermerlər tələlərin şəkillərini müəyyən olunmuş zaman qrafikində çəkərək Nazirliyin mütəxəssislərinə göndərirlər. Temperatur göstəricilərinə əsasən zərərvericinin inkişaf mərhələsini təyin edən modelə və yetkin fərdlərin tələlərdə aşkarlanma sıxlığına əsasən zərərvericinin məhsul itkisinə səbəb olan inkişaf mərhələsi, yəni tırtıl fazası təyin olunacaq. Bu barədə bildirişlər fermerlərə SMS vasitəsilə göndəriləcək. Bununla da fermerlər mübarizə tədbirlərini düzgün vaxtda yerinə yetirərək məhsul itkisini və qeyri-dəqiq pestisid istifadəsini azaldacaqlar.
Qeyd edək ki, alma meyvəyeyəni respublikanın bütün rayonlarında alma və armud bitkiləri üçün təhlükə mənbəyi hesab olunur. Zərərverici kiçik boz kəpənək olub, qanadları açılan zaman böyüklüyü 18-20 mm, eni 10 mm-ə yaxın olur. Yazda, havanın orta gündəlik temperaturu bir neçə gün +10 ℃-dən yuxarı davam etdiyi zaman tırtıllar pup halına keçir. Puplardan uçan kəpənəklər cütləşərək yumurta qoymağa başlayır. Zərərvericinin kənd təsərrüfatında itkilərə səbəb olan inkişaf mərhələsi tırtıl fazasıdır. Yumurtadan çıxmış tırtıllar əksər hallarda kasacıqdan və bəzi hallarda isə yan tərəfdən meyvəyə daxil olaraq tumuna qədər qidalana bilirlər. Bunun nəticəsində meyvə üzərində dəliklər əmələ gəlir və zədələnmiş meyvələrin əmtəəlik keyfiyyəti aşağı düşür. Respublikada alma meyvəyeyəni mövsüm ərzində 2-3 nəsil verir.
Xatırladaq ki, adı çəkilən layihə üçün pilot ərazilər olaraq Quba və Qusar rayonları, meyvə növləri olaraq isə alma, gilas, şaftalı və nektarin seçilib. Bu ilin aprelin 30-na kimi Quba və Qusar rayonlarında qeyd olunan meyvə təsərrüfatları ilə məşğul olan fermerlərə ümumilikdə 9759 SMS bildiriş göndərilib. Növbəti illərdə layihənin digər iqtisadi rayonlarda yetişdirilən əsas meyvə və tərəvəz növləri üzrə tətbiqi planlaşdırılır.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024