Türkiyənin paytaxtı Ankara şəhərində Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzində “Mərkəzi Asiya və Cənubi Qafqazda Kənd Təsərrüfatı Yayım və Məsləhət Xidmətlərinin Gücləndirilməsi” mövzusunda regional seminar keçirilib.
Tədbir Kənd Məsləhət Xidmətləri üzrə Mərkəzi Asiya və Qafqaz Forumu, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Seminarda 12 ölkənin kənd təsərrüfatı nazirliklərinin, elmi müəssisələrin, istehsalçılar assosiasiyalarının, beynəlxalq, regional və milli təşkilatların, eləcə də QHT-lərin nümayəndələri daxil olmaqla ümumilikdə 120 nəfər iştirak edib. Tədbirdə Azərbaycanı Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, Aqrar Elm və İnnovasiya Mərkəzinin əməkdaşı Yaqub Quliyev və Aqrar Tədqiqatlar Mərkəzinin sektor müdiri Əkrəm Həsənzadə təmsil ediblər.
Seminarın əsas məqsədi milli yayım sistemi və kənd təsərrüfatı sistemlərinin iştirakçıları arasında, xüsusilə Mərkəzi Asiya və Qafqaz ölkələri arasında əməkdaşlıq və birgə fəaliyyəti, eləcə də dayanıqlı əməkdaşlıq üçün lazımi regional institusional platformanın yaradılmasını müzakirə etmək olub.
Tədbir çərçivəsində iştirakçı ölkələrdə kənd məsləhət xidmətinin mövcud vəziyyətinə dair təqdimat keçirilib. Regional seminarda Azərbaycanda kənd təsərrüfatı yayım və məsləhət xidmətinin mövcud vəziyyəti barədə Aqrar Elm və İnnovasiya Mərkəzinin əməkdaşı Yaqub Quliyev təqdimatla çıxış edib.
Təqdimatlarda vurğulanıb ki, informasiya-məsləhət xidməti göstərən iştirakçılar arasında qarşılıqlı əlaqələrin zəif olması, məsləhət xidmətinin və informasiya axınının inkişaf etməməsi bilik və texnologiyaların fermerlərə ötürülməsi effektivliyini pozur və beləliklə, fermerlər və kiçik sahibkarlar məhsuldarlığın artırılmasına yönəlmiş yeniliklərin tətbiqindən məhrum olurlar. Kənd təsərrüfatı yayım və məsləhət xidmətləri sahəsində Türkiyə təcrübəsi iştirakçıların marağına səbəb olub.
Tədbir iştirakçıları informasiya məsləhət xidməti üzrə potensialın artırılması və inkişaf etdirilməsi, kənd təsərrüfatı innovasiya sisteminin (KTİS) ayrılmaz tərkib hissəsi olan kənd təsərrüfatı yayım və məsləhət xidmətləri (KTYMX) sisteminin təkmilləşdirilməsi üçün əlverişli şəraitin yaradılması, KTYMX sistemini inkişaf etdirmək üçün ölkələr arasında, eləcə də KTİS-in bütün seqmentləri, dövlət, özəl sektorlar və QHT-lər arasında əməkdaşlığın gücləndirilməsi və institusionallaşmanın həyata keçirilməsi ilə bağlı tövsiyələrini veriblər.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024