AKİA sədri Mirzə Əliyev: “Yeni mexanizm fermerlərin istəklərinə uyğun rəqabətli mühit və geniş seçim imkanları olan bazar formalaşdıracaq, yerli istehsalçılara inkişaf stimulu verəcək”
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində kənd təsərrüfatı texnikası və damazlıq heyvan təchizatçıları ilə görüş keçirilib. Görüşdə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev, ”Aqrolizinq” ASC-nin sədri Seymur Mövlayev, Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov, Texniki siyasət şöbəsinin müdiri Vüqar Babayev və 30-dək kənd təsərrüfatı məhsulları istehsal edən texnika və damazlıq heyvan təchizatçıları iştirak ediblər.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev kənd təsərrüfatı məhsulları istehsalı texnikası və damazlıq heyvanların lizinqi barədə ediləcək yeniliklər barədə məlumat verib. Bildirib ki, bu sahədə indiyədək bir neçə başlıca problem var idi: “Vətəndaşlar ən çox istədikləri texnikanı tapa bilməməkdən şikayət edərdilər. Mərkəzləşmiş idarəetmə fermerlərin bir təchizatçıdan asılılığına səbəb olmuşdu. Bunlarla yanaşı, riskləri dövlət öz üzərinə götürürdü. Yeniliklər özəl aqrotexniki xidmətlərin genişləndirilməsinə səbəb olacaq, dövlət-özəl tərəfdaşlığı prinsipinin tətbiqi ilə güzəştlərə yönəldilən büdcə vəsaitindən səmərəli istifadəyə imkan verəcək”.
Mirzə Əliyev təchizatçılardan yanvarın ilk ongünlüyündə fermerlər tərəfindən ən çox tələb olunan texnikalar barədə təkliflər hazırlayıb Agentliyə və ya “Aqrolizinq” ASC-yə təqdim etməyi xahiş edib. “Sizin təklifləriniz əsasında qiymətləndirmə aparılaraq ən çox tələb olunan texnika və istehsal vasitələrinin siyahısı tərtib olunacaq və onlara tətbiq olunacaq güzəşt və ödəmə mexanizmi hazırlanacaq” – Mirzə Əliyev deyib. Agentliyin rəhbəri yerli istehsalçılar ilə xüsusi görüş keçiriləcəyini və onlardan da təkliflər alınacağını bildirib.
Təchizatçıların suallarını cavablandıran Kənd Təsərrüfatı Nazirliyinin qurum və şöbə rəhbərləri yeni rəqabət mühitində təchizatçıların təkcə qiymət və keyfiyyətlə deyil, həm də satış sonrası xidmətlə rəqabətə girəcəklərini bildiriblər. Seymur Mövlayev “Aqrolizinq” ASC-yə fermerlərin müraciətlərinin böyük hissəsinin texnikaların ehtiyat hissələri və zəmanətlə bağlı olduğunu qeyd edib. “ “Aqrolizinq” ASC artıq əlində olan texnikanın satışını həyata keçirəcək və satışdan yığılan pullar Agentliyin hesabına köçürüləcək. Siz çalışın ki, “Aqrolizinq”-də olmayan texnikalar təklif edəsiniz” – Seymur Mövlayev təchizatçılara müraciətlə deyib. “Bundan sonra, avtomobil bazarında olduğu kimi, kənd təsərrüfatı texnikası bazarında da ehtiyat hissələri sərfəli və teztapılan, satış sonrası xidmət səviyyəsi yüksək olan şirkətlər və markalar üstünlük qazanacaq” – deyə Mirzə Əliyev əlavə edib.
Görüşdə qeyd olunub ki, yeni meyarlar fermerlərin, təchizatçıların və maliyyə qurumlarının balanslaşdırılmış fəaliyyəti ilə müəyyənləşdiriləcək. Təchizatçılar ilə növbəti görüşün yanvarın əvvəllərində hazır təkliflər üzərində müzakirələr şəklində təşkil edilməsi qərara alınıb.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024