• Ana səhifə
  • Xəbərlər
  • LAÇINLI MƏCBURİ KÖÇKÜNLƏRİN SAXLADIQLARI MAL-QARAYA BAYTARLIQ BAXIŞI KEÇİRİLİR
LAÇINLI MƏCBURİ KÖÇKÜNLƏRİN SAXLADIQLARI MAL-QARAYA BAYTARLIQ BAXIŞI KEÇİRİLİR

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Laçın Rayon Baytarlıq İdarəsinin baytar həkim briqadası tərəfindən Laçından olan məcburi köçkünlərin saxladıqları mal-qaraya baytarlıq baxışı keçirilir. Baytarlıq baxışı zamanı heyvanlar müayinə edilir, aşkar edilən xəstəliklərə qarşı müalicə tədbirləri görülür.

Epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar laçınlılara məxsus mal-qara saxlanılan binaların dezinfeksiyası və dezinseksiyası aparılıb. Qışlamaya hazırlıq ilə əlaqədar olaraq Ağcabədi rayonunun ərazisində olan Taxtakörpü qəsəbəsində və respublikanın əksər rayonunda məskunlaşan laçınlılara məxsus iri və xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarına mütəmadi baytarlıq baxış keçirilir. Cari il ərzində 10 sahə baytarlıq məntəqəsi vasitəsi ilə 75 ədəd tövlə və tövləətrafı ərazidə 21187 kvadratmetr sahədə dezinfeksiya işləri aparılıb. Həmçinin qışlamaya hazırlıqla əlaqədar təsərrüfatlarda olan tövlələr, qoyun damları və quzu küzləri sahibkarlar tərəfindən mexaniki təmizləndikdən sonra dezinfeksiya olunub, qoyunların qoturluq xəstəliyi əleyhinə profilaktik məqsədlə neosidol vannasında çimizdirmə işləri aparılıb.

Heyvanlar saxlanılan binalarda, tövlələrdə və tövləətrafı  ərazilərdə aparılan tədbirlər zamanı almerdehyde, ektosan, kreolin, formalin, 5%-li kaustik soda və sair dezinfeksiyaedici və dezinseksiyaedici dərman maddələrindən istifadə edilib.

Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr verilib.

Rayonun baytar həkimləri “Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun laçınların təsərrüfatlarında saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələri də icra ediblər.

Cari ildə həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə 3506 baş iribuynuzlu heyvanlardan burselyoz xəstəliyinə görə qan nümunələri alınaraq müayinə edilib. Eləcə də 2407 baş qoçda infeksion epidedimitə görə seroloji, 3284 baş iribuynuzlu heyvanda vərəmə görə allergik,  600 baş təkdırnaqlı heyvanda malleinizasiya müayinələri aparılıb və yoluxma aşkar edilməyib.

Həmçinin il ərzində 37003 baş iribuynuzlu, 189640 baş xırdabuynuzlu,  1403 baş təkdırnaqlı heyvanda qarayara, 45918 baş (A,O,Asiy-1) iribuynuzlu heyvanda, 94666 baş (A,O) xırdabuynuzlu heyvanda dabaq, 2828 baş sahibli itdə quduzluq, 123014 baş qoyunlarda çiçək, 4850 baş 3-8 aylıq dişi (Ştamm-19) iribuynuzlu, 17995 baş (Rev-1) xırdabuynuzlu heyvanlarda bruselyoz, 12948 baş iribuynuzlu heyvanda leptopiroz, 34158 baş iribuynuzlu heyvanlarda nodulyar dermatit, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 493735 baş quşda “H”, 410546 baş quşda “La-sota” vaksini ilə peyvəndləmə tədbirləri aparıb.

Rayon əhalisinə məxsus heyvanlarda invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Cari ilin müvafiq dövrü ərzində quşlar arasında askaridioza, xırdabuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza, monezioz-tizaminioza qarşı və iribuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza qarşı kaproloji müayinələr, eləcə də heyvanlarda ektoparazitlərə qarşı çimizdirmə tədbirləri aparılıb.

Laçın Rayon Baytarlıq İdarəsinin əməkdaşları məcburi köçkünlərin saxladıqları heyvanlar arasında profilaktik peyvəndləmə, diaqnostik müayinə, heyvanlar arasında müalicə, heyvanlar saxlanan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirləri aparmaqla yanaşı, mütəmadi olaraq fermerlər, heyvan sahibləri arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri də həyata keçirir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.




  • A
  • A
  • A