İyun ayından etibarən Lənkəran rayonu ərazisində karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury, 1773) birinci nəslinə qarşı fitosanitar müşahidə və mübarizə tədbirlərinə start verilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri və təsərrüfat subyektləri tərəfindən bu ay ərzində Lənkəran rayonu ərazisində 150 hektar meyvə bağında adı çəkilən zərərvericiyə qarşı fitosanitar müşahidə işləri aparılıb və 20 hektar sahədə sirayətlənmə qeydə alınıb.
İstisu qəsəbəsi, Dilvan kəndi və Tut bağı ərazilərini əhatə edən 10 hektar sahədə təsərrüfat subyektləri hesabına mexaniki, Girdəni kəndi ərazisini əhatə edən 4 hektar sahədə isə dövlət büdcəsi vəsaiti hesabına kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Mexaniki mübarizə zamanı alça, tut, gavalı və digər meyvə ağaclarının zərərverici ilə sirayətlənmiş budaqları budanmaqla sahədən kənara çıxırılıb və yandırılma yolu ilə məhv edilib. Kimyəvi mübarizə zamanı isə Diflobezron tərkibli Xetenazon preparatından (100 qr/1 ha) və “SKOUT-28S-300” markalı çiləyicilərindən istifadə olunub.
Hazırda Girdəni kəndi ərazisini əhatə edən 6 hektar sahədə Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, Amerika ağ kəpənəyi Azərbaycanda iki nəsil verir. Bəzi illərdə 3-cü natamam nəslin əmələ gəlməsi müşahidə olunur, lakin payızda soyuqların düşməsi nəticəsində kiçik yaşlı tırtıllar məhv olur. Qışlamış nəslin ilk fərdlərinin pupdan uçması may ayının (çiçəkləmənin əvvəli və ya çiçəkləmə dövrü), yay nəslinin uçması isə iyulun əvvəllərində baş verir. Uçuş 20-30 gün davam edir.
Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədi ilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə vaxtaşırı müşahidələr aparılmalıdır. İlk növbədə bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və s. yerlərdə zərərverici aşkar edildiyi hallarda təcili olaraq AXA-nın bitki mühafizəsi mərkəzlərinə məlumat verilməli, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir. Zərərverici müşahidə edilən ağaclar üzərində tırtılların əmələ gətirdikləri torlu yuvalar kəsilərək tırtıllarla birlikdə məhv edilməli, ağaclar isə dərhal insektisidlərin biri ilə dərmanlanmalıdır.
Mübarizə tədbirləri dövlət qeydiyyatına alınmış və istifadəsinə icazə verilmiş pestisidlər və bioloji preparatlardan biri - diflubenzuron 0.3 l/ha, xlorban (2 l/ha), fastoks (0,2-0,3 l/ha), desis (0,7 l/ha), sumi-alfa (0,5-0,6 l/ha), superkor (0,2-0,4 l/ha), karate (0,2-0,4 l/ha), komprador (1,5-3,0 l/ha) və s. ilə aparılmalıdır.
Zərərvericinin hər nəslinə qarşı insektisidlərə həssas kiçik yaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə dərmanlama aparmaq daha səmərəlidir. Payızda gövdəətrafı və cərgə aralarında torpaq şumlanmalıdır. Zərərverici əleyhinə karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından sistemli şəkildə istifadə etməklə, yüksək səmərə əldə etmək olar.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024