LƏNKƏRANDA ÇILPAQ İLBİZLƏRƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Lənkəran rayonunun Girdəni, Veravul, Boladi, Vilvan kəndləri ərazisində 15 hektar kələm əkini sahəsində müşahidələr aparılıb.

Müşahidələr zamanı 5 hehtar sahənin çılpaq ilbizlərlə sirayətləndiyi müəyyən olunub və 3 hektar sahədə Lənkəran rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssislərinin verdiyi tövsiyələr əsasında təsərrüfat sahibləri tərəfindən mübarizə tədbirləri aparılıb. İlbizlərə qarşı kimyəvi mübarizə tədbirləri “Metaldehid”tərkibli preparatla aparılıb. Azərbaycanda çılpaq ilbizlər əsasən Lənkəran, Şəki-Zaqatala və Quba- Xacmaz bölgələrində geniş yayılıb.

Bu zərərverici kənd təsərrüfatı bitkilərindən taxıl, bostan-tərəvəz, paxlalı, qismən texniki və meyvə bitkilərinə zərər vurur. İlbizlər növ tərkibindən asılı olaraq qış dövrünü sürfə, yetkin ilbiz və ya yumurta mərhələlərində keçirirlər.

Onlar növ tərkibindən asılı olaraq ildə 1- 2 nəsil verirlər və 1 ildən 3 ilə qədər yaşayırlar. Yay və payız ayları yağmurlu keçdikdə ilbizlər daha da çoxalırlar. Kütləvi çoxalma illərində isə kənd təsərrüfatı bitkilərinə zərər verirlər. Əsasən bitki yarpaqlarının yumşaq hissəsini gəmirib yeyirlər. Dənli bitkilər öz inkişafının ilk dövründə ilbizlər tərəfindən daha çox zərər çəkir. İlbizlərin kartof yumrularına və bir sıra tərəvəz-bostan bitkilərinin barvermə orqanlarına zərər verdiyi müşahidə olunur.

Çılpaq ilbizlərə qarşı aşağıdakı mübarizə tədbirləri aparılmalıdır:

Zərəverici aşkar edilən sahələrdə 35-40 sm olmaqla dərin şüm aparılmalıdır. Kənd təsərrüfatı bitkiləri yüksək aqrotexniki səviyyədə becərilməli, əkin sahələri alaq otlarından təmiz saxlanılmalı və cərgə araları vaxtında kultivasiya edilməlidir. Çılpaq ilbizlərə qarşı Metaldehid tərkibli preparatlardan istifadə etməklə kimyəvi mabarizə tədbirləri həyata keçirilir. Daxili bağırsaq təsirli metaldehid tərkibli preparatlardan istifadə edərək aldadıcı yem hazırlanır, 1 hektara 40-50 kiloqram məsarif norması ilə səpilir. Həyətyanı sahələrdə müxtəlif tələlər qurmaqla və ya müxtəlif qeyri ənənəvi üsullardan istifadə etməklə mübarizə aparılır.

Qeyd edək ki, çılpaq ilbizlər karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə aid olmadığından, bu orqanizmlərlə mübarizə üçün dövlət büdcəsindən vəsait ayrılmır. Buna görə də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti çılpaq ilbizlərlə mübarizə aparmaq üçün sahibkarlara və fermerlərə yalnız metodiki dəstək göstərir, mübarizə işləri isə hüquq və fiziki şəxslərin özləri tərəfindən aparılır. 


  • A
  • A
  • A