• Ana səhifə
  • Xəbərlər
  • LƏNKƏRANLI FERMER BECƏRDİYİ YERLİ “HƏŞİMİ” DÜYÜSÜNÜ XARİCİ BAZARLARA ÇIXARIR
LƏNKƏRANLI FERMER BECƏRDİYİ YERLİ “HƏŞİMİ” DÜYÜSÜNÜ XARİCİ BAZARLARA ÇIXARIR

“Dövlətdən aldığım kredit hesabına çəltik sahəmin həcmini 20 hektara çatdırmışam” 

“Çəltikçilik rentabelli sahədir, bu sahənin inkişafı üçün maddi dəstəyə ehtiyac var. Maddi resurs tapmaqda çətinlik çəkirdim, o səbəbdən Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə müraciət etdim. Dövlət Xidməti mənim müraciətini yüksək səviyyədə qarşıladı, müraciətinə baxdılar və müsbət rəy verdilər”. Bu fikirlərin müəllifi Lənkəran şəhəri, Girdəni kəndində yaşayan fermer Rüfət Əskərovdur.

 

Beş ildir çəltikçiliklə məşğul olan fermer aldığı kredit hesabına çəltik sahəsinin həcmini iki dəfə artıra bilib. Rüfət Əskərov artıq 20 hektar ərazidə çəltik əkir. Ən əsası isə çəltiyə qulluq zamanı aqrotexniki qaydalara tam riayət olunur.

 

“Bu il çox yüksək məhsuldarlıq gözləyirəm. Öz sahəmdə yerli, ənənəvi olan Həşimi toxumundan istifadə edirəm. Həşimi maraqlı çəltik növüdür. Məhsuldarlığı digər düyülərə nisbətən az olsa da, çox ətirli düyüdür. Buna görə bazarda satılan digər düyülərdən yaxşı mənada fərqlənir. Yerli Həşimi düyüsünə tələbat böyükdür və çoxlu sayda insanı öz müştərimizə çevirə bilmişik”.

 

Rüfət Əskərovun yetişdirdiyi düyünün müştərisi təkcə yerli alıcılarla məhdudlaşmır: “Biz istehsal etdiyimiz düyünü onlayn resurslarda və “Facebook” səhifəmizdə reklam edərək xarici bazarlara çıxarırıq. Düyümüzə xarici ölkələrdə tələbat böyükdür. Hal-hazırda əkdiyimiz düyüyə artıq əvvəlcədən sifarişlər almışıq”.

 

Fermer deyir ki, yerli və ətirli düyü sortlarından istifadə Azərbaycan mətbəxinin daha da tanıdılmasında mühüm rol oynayır: “Aş yeməklərin şahı hesab olunur. Toy məclislərində, digər məclislərdə, bayram günlərində mütləq aş bişirilir. Ənənəvi, yerli Həşimi düyüsündən hazırlanmış ətirli plov doğrudan da süfrəmimizin tacı sayıla bilər”.



  • A
  • A
  • A