ÇİNDƏN AZƏRBAYCANA 1 MİLYON ƏDƏD TUT TİNGİ GƏTİRİLİB

Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində ölkəyə Çin Xalq Respublikasından daha 1 milyon ədəd tut tingi (çəkil) gətirilib.

Çinli mütəxəssislərin müşayiəti ilə ölkəmizə gətirilən tut tingləri 36 rayona göndərilib. Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, gətirilən tut tingləri rayonlardan verilən sifarişlər əsasında bölüşdürülür. Rayonlarda əvvəlcədən müəyyənləşmiş ərazilərdə tut tingləri Çin texnologiyası əsasında əkiləcək. Əkin prosesini Çindən gəlmiş mütəxəssis müşahidə edəcək. Nazir müavini indiyə kimi ölkəyə 3,5 milyon çəkil tinginin gətirildiyini deyib. Bu il ölkədə 514 ton yaş barama istehsal olunduğunu xatırladan İlham Quliyev bildirib ki, yeni tinglərin gətirilməsi gələn il daha çox məhsul əldə etməyə imkan verəcək. Çin Xalq Respublikası ilə aparılan danışıqlara əsasən bu il ölkəyə 20 min qutu ipəkqurdu gətirilməsi nəzərdə tutulur. Gətirilən tut tingləri və ipəkqurdu kümçülərə əvəzsiz olaraq veriləcək.

Nazir müavini qeyd edib ki, dövlətin baramaçılıq və ipəkçiliyi dəstəkləməsi nəticəsində fermerlər əsas işlərindən ayrılmadan kifayət qədər əlavə gəlir əldə etmiş olurlar. Qeyd edək ki, “Azərİpək” MMC yaş baramanı kümçülərdən 4 manata təhvil alır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.






  • A
  • A
  • A