Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) heyvandarlıqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, havaların istiləşməsi və heyvanların otlaq şəraitinə çıxarılması ilə əlaqədar onlarda qan-parazitar xəstəliklərindən olan teyleriozu törədən gənələrin aktivləşməsi başlayır. Teylerioz xəstəliyinin heyvanda baş verməsinin qarşısını almaq üçün heyvandarlıqla məşğul olan fermerlər, sahibkarlar və ailə təsərrüfatı başçıları aşağıda qeyd olunan tövsiyələrə əməl edərlərsə, heyvanlarında baş verəcək teylerioz xəstəliyinin qarşısını almış olarlar.
Qeyd edək ki, teylerioz xəstəliyi respublikanın aran rayonlarında, əsasən, aprelin ikinci yarısından oktyabrın axırına, dağətəyi rayonlarda isə mayın ikinci yarısından sentyabrın birinci ongünlüyünə qədər baş verə bilir. Xəstəliyin ən çox yayılması may, iyun və iyul aylarında müşahidə edilir.
Teyleriozun keçiriciləri olan otlaq gənələri heyvandarlıq binalarında yaşamağa uyğunlaşmışlar. Gənələr ferma ərazisində çox vaxt tövlə divarlarının dibindəki məsamələrdə, kərpiclərin və peyin qalıqlarının altında toplanaraq əlverişli şəraitdə heyvanın müəyyən nahiyələrinə yapışmaqla onun qanını sorduqları zaman xəstəliyin törədicisi heyvan orqanizmini yoluxdurur.
Xəstəlik tipindən asılı olaraq kəskin formada 6-25 gün davam edir. Xəstəliyin ilkin mərhələsində dərialtı limfa düyünlərinin (kürəkönü, dizönü və yelinəsası vəziləri) asimmetrik böyüməsi, heyvanın hərarətinin yüksəlməsi (41-42°C-yə qədər yüksəlir), tükünün pırpızlaşması və əvvəlki parlaqlığını itirməsi, inəklərdə südün azalması, bəzən heyvanın tamam süddən kəsilməsi müşahidə edilir. Heyvan əzginləşir, iştahası pozulur, selikli qişaları hiperemiyalaşır, gözün konyuktivası şişir və ondan yaş, burun boşluğundan isə selik axır.
Heyvanlarda iştahanın pozulması, mədə önlüklərinin atoniyası halları baş verir, ürək və ağciyərin fəaliyyəti pozulur.
Xəstəliyin başlanğıcında tənəffüs sürətlənir (dəqiqədə 38-40), ritmik olur, həzm orqanları ciddi pozğunluğa uğrayır. Heyvan yemdən qaldıqca bağırsaqların peristaltikası zəifləyir, gövşəmə kəsilir. Mədə önlüklərində və bağırsaqlarda atoniya müşahidə olunur. Heyvanın kalının rəngi tündləşir. Qəbizlik və ishal bir-birini əvəz edir. Nəticədə xəstə heyvan zəifləyir və arıqlayır. Ətraf və bədən əzələlərində əsmələr müşahidə olunur. Əzələlər haldan düşdükdən sonra isə heyvan yerdən qalxa bilmir. Əksər hallarda kitabçanın qurumasından heyvanda ölüm baş verir.
Müalicəsi: Teylerioza yoluxmuş heyvanlar dərhal stasionar şəraitə keçirilib yaxşı keyfiyyətli yaşıl ot verilir. Daxilə 2-3 litr sarımsaqlı qatıq və 1-2 litr üzsüz süd verilməlidir. Teyleriozdan şırdanda (vəzili mədə) yaralar əmələ gəldiyi üçün, işlətmə məqsədilə bitki yağlarından (200-500 ml) istifadə edilməsi məsləhətdir. Butaleks, neozidin, fatruban, veriben və s. təlimat əsasında istifadə edilir. Bunlardan başqa 1,0 q akaprini, 3,0 q diamidini, 600 mikroqram vitamin B12-ni, 100 ml distill suda həll edərək işlətmək yaxşı nəticə verir. Akaprin olmadıqda onu azidinlə əvəz etmək lazımdır, heyvana 3-5 ml kofein dəri altına inyeksiya edildikdən 15 dəqiqə sonra qeyd edilən dərmanlardan hər 100 kq diri kütləyə 4 ml dəri altına (doza 2 dəfədə 6-8 saat fasilə ilə) 3 gün ərzində gündə bir dəfə vurulur. 4-cü gün heyvana istirahət verilir. 5-ci gün heyvanın vəziyyəti yaxşılaşmırsa, müalicəni təkrar etmək lazımdır, kimyəvi preparatlardan azidin (berenil) 7%-li su məhlulundan hər 100 kq diri kütləyə 5 ml dəri altına və ya əzələ daxilinə, 10% sulfantroldan hər 100 kq diri kütləyə 4 ml dəri altına və ya əzələyə vurulur.
Simptomatik müalicə üçün vitaminlər, mikroelementlər, bitki yağları, süd, fizioloji məhlul, 1%-li soda məhlulu (100 ml vena daxilinə) antibiotiklər və tərkibində dəmir olan preparatlardan istifadə edilməlidir.
Xəstəliyin kəskin dövründə, xəstə heyvana qlükoza yeritmək məqsədəuyğun deyildir.
Teylerioza qarşı profilaktiki mübarizədə əsas məqsəd piroplazmoz üçlüyü (keçirici kənə, parazit daşıyıcı və xəstəliyə həssas heyvan) adlanan bioloji «zənciri» qırmaqdan ibarətdir.
Ən sadə və əlverişli üsul teyleriozu keçirən gənələrin, heyvan üzərində, heyvandarlıq binalarında və otlaqlarda məhv edilməsidir. Heyvan üzərindəki gənələr mexaniki (əl ilə) olaraq ilin bütün fəsillərində toplanaraq xüsusi akarisid maddələrlə məhv edilir.
Gənənin növü və yoluxmanın intensivliyindən asılı olaraq preparatlar ayda 1-2 dəfə tətbiq edilməlidir.
Heyvanlar ilin isti fəsillərində akarisid məhlullarla xüsusi vannalarda, duş qurğularında və ya çiləyicilərlə çimizdirilir, heyvanların gəzinti sahələrinin dezakarizasiya edilməsi gənələrin xeyli azalmasına səbəb olur. Binaların daxilində həftədə bir dəfə gənələrə qarşı dezinseksiya tədbirləri aprılmalıdır.
Gənələrlə mübarizədə aqromeliorativ tədbirlər və növbəli otarma da mühüm rol oynayır.
Heyvanda qan-parazitar xəstəliyi baş verən zamanı heyvana diaqnoz qoyulmasında baytar həkiminin rəyi mütləqdir və laboratoriyada təsdiqlənməlidir.
Heyvanlarda teyleriozun müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.
Təsərrüfat sahiblərinin və heyvandarlıq təsərrüfatlarında çalışanların bir daha nəzərinə çatdırırıq ki, heyvanlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edilən və heyvanların ümumi narahatçılığı zamanı mütləq şəkildə sahə baytarlıq məntəqəsinin baytar mütəxəssislərinə müraciət etsinlər.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, heyvanlarda qan-parazitar xəstəliklərinə, o cümlədən teylerioza qarşı aparılan profilaktika və müalicə işləri baytar mütəxəssisinin göstərişi və iştirakı ilə aparılmalıdır.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024