Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvandarlıqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, qoyunlar və keçilər infeksion bradzot xəstəliyinə görə vaxtında peyvənd olunmalı və aşağıda qeyd edilən tövsiyələrə ciddi əməl edilməlidir.
Qeyd edək ki, təbii şəraitdə yaş və cinsdən asılı olmayaraq bradzot xəstəliyinə qoyunlar və keçilər yoluxurlar. Xüsusilə 2 yaşa qədər heyvanlar daha çox həssaslıq göstərirlər. Bradzot xəstəliyi ilin bütün fəsillərində, xüsusilə, yaz və payızda daha çox müşahidə edilir.
Bradzot xəstəliyi hər il otlaq sahələrində, xüsusilə otların göyərməsi, çiçəklənməsi yağışdan sonra heyvanların otarılması zamanı müşahidə edilir. Bəzən heyvanların durğun sulardan suvarılması və donmuş yemlərdən istifadə edildikdə xəstəlik baş verir. Bradzot xəstəliyi kök və azhərəkətli qoyunlarda daha çox müşahidə edilir. Əsas yoluxma yolu alimentar yoldur. Xüsusilə amilin sporları ilə çirklənmiş yem və suyun qəbulu zamanı yoluxma baş verir.
Bradzot xəstəliyi zamanı kliniki olaraq sağlam görünən qoyunların qəflətən ölümü müşahidə edilir.
Ölümdən əvvəl heyvanlarda bəzən güclü sinir tutmaları, görünən selikli qişaların hiperemiyası, konyunktivit, timpaniya və ağızdan köpüklü maye axması müşahidə edilir.
Xəstəlik zamanı temperaturun 40,5-41°C-yə qədər yüksəlməsi, ümumi düşkünlük, nəbz və tənəffüsün tezləşməsi, ağız və burundan köpüklü maye axması görünür. Bəzən qoyunlarda qanlı ishal, tez-tez sidik ifrazı, timpaniya, sancı, konyunktivanın hiperemiyası, dişlərin xırçıldaması nəzərə çarpır. Heyvanda hərəkət çətinləşir. Bəzən sinir pozğunluğu əlamətləri, xüsusilə narahatlıq, oyanıqlıq, dairəvi və tullanma hərəkətləri müşahidə edilir. Heyvan yerə yıxılır, ətrafları ilə üzmə hərəkətləri edir.
Sonra oyanma tədricən ümumi zəifliklə əvəz olunur. Qoyunlar ayaqları açılmış və başı arxaya əyilmiş halda görünür. Ölüm adətən 8-14 saatdan sonra, bəzən isə 3-5 gündən sonra baş verir.
Bradzotdan ölmüş heyvan cəsədində 3-5 saatdan sonra güclü köpmə müşahidə edilir və tez çürümə gedir. Təbii dəliklərdən qanlı-köpüklü maye axır. Baş, boyun və döş nahiyənin dərialtı toxumasında serozlu hemorroji infiltratın hopması görünür. Yun asanlıqla yolunur. Görünən selikli qişalar sianozlu olur.
Bradzotun profilaktikası məqsədilə otlaq və su mənbələrinin baytarlıq-sanitariya vəziyyətinə nəzarət olunmalıdır. Qoyunların yemlənmə-saxlanma şəraiti yaxşılaşdırılmalı və xəstəliyin baş verməsinə səbəb olan digər maneələr aradan götürülməlidir. Xəstəlik sürüdə müşahidə olunduqda onların otlaq sahəsi dəyişdirilməli və təcili vaksinasiya aparılmalıdır. Xəstəliyə görə qeyri-sağlam zonalarda təlimat əsasında profilaktik vaksinasiya və dehelmentizasiya aparılmalıdır.
Heyvanların durğun sulardan suvarılması və şehli-qrovlu otlaq sahəsində otarılmasına icazə verilməməlidir.
Profilaktik vaksinasiya yaz və payızda heyvanların otlaq sahəsinə keçirilməsinə 30-45 gün qalmış aparılmalıdır. Vaksinasiyadan sonra heyvanlara 14 gün ərzində antibiotik tətbiq etmək qəti qadağandır.
Xəstəlik baş verdikdə məhdudlaşdırıcı tədbirlərdən istifadə olunur. Təsərrüfata heyvan qəbulu və kənara çıxarılması qadağan olunur, digər heyvanlarda vaksinasiya aparılır və qaba yemlərlə yemləndirilir. Xəstə heyvanların kəsilməsi və ölmüş heyvanların dərisinin soyulmasına icazə verilmir. Cəsəd dəri ilə birlikdə yandırılmalıdır. Xəstə heyvanların yununun qırxılması və südündən istifadəyə icazə verilmir. Peyin yem qalıqları ilə birlikdə yığılaraq yandırılmalı və təsərrüfatda cari dezinfeksiya tədbirləri aparılmalıdır.
Məhdudlaşmalar axırıncı ölümdən 20 gün keçmiş və son dezinfeksiyadan sonra təsərrüfatdan götürülür.
Heyvanda infeksion bradzot xəstəliyi baş verən zamanı diaqnozun qoyulmasında baytar həkiminin rəyi mütləqdir və laboratoriyada təsdiqlənməlidir.
Heyvanlarda bradzot xəstəliyinin müalicə-profilaktika işləri təsərrüfat sahibinin hesabına aparılır.
Onu da qeyd edək ki, yaz və payız fəsillərində qoyunların bradzotdan tez-tez ölüm halları baş verir. Bunu nəzərə alaraq təsərrüfat sahiblərinin və heyvandarlıq təsərrüfatlarında çalışanların bir daha nəzərinə çatdırırıq ki, heyvanlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edilən və heyvanların ümumi narahatçılığı zamanı mütləq şəkildə sahə baytarlıq məntəqəsinin baytar həkimlərinə müraciət etsinlər. Dövlət Baytarlıq Xidməti bildirir ki, heyvanlarda bradzota qarşı aparılan profilaktik və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024