Qışda qoyunlar əlverişli havalarda otlaq, gecələr və soyuq havalarda isə qapalı tövlə şəraitində saxlanılmalıdır. Havanın temperaturu mənfi 2-5 °C olduqda, qoyunları qalın və quru döşənək üzərində saxlamaq lazımdır. Onları isti və rütubətli binada saxladıqda orqanizmləri zəifləyir və xəstəliklərə (dırnaq çürüməsi, pnevmoniya və s.) tez tutulur. Bundan başqa, qoyunlarda yunun inkişafı pisləşir, məhsuldarlığı isə aşağı düşür.
Qışda qoyunlar ölkəmizin cənub, cənub-şərq və cənub-qərb rayonlarında açıq havada-həyətdə, bazada, üç tərəfi bağlı və üstü örtülü binalarda saxlanır. Gündüzlər isə otarılır.
Qışda otlaq kimi xəsillik və biçənəkdən, yayda otarılmamış otlaqlardan, meşəətrafı sahələrdən və yovşanlıqlardan istifadə edilir. Bütün qoyunlar qışda otarılmalıdır. Ancaq boğaz qoyunlar doğuma 25 gün qalana qədər və doğumdan 25 gün sonra otarılır.
Qoyunlar səhərlər otlağa aparılmamışdan qabaq yemlənir və suvarılır, sonra otlağa aparılır. Qoyunların səhər suvarılması, onların qar yeməsinin qarşısını alır. Qoyunlar bütün günü otarılmalı, axşam isə əlavə olaraq şirəli, qaba və konsentrat yemlər verilməlidir. Boğaz qoyunlar əlverişli havalarda, qarı az olan və tövlədən 1,5 km-dən uzaq olmayan sahələrdə otarılmalıdır. Əlverişli havalarda qoyunlar bütün günü otarılır, axşamlar isə xal-xalda, həyətdə və ya çardaqda saxlanır. Qar örtüyü 15-20 sm-dən artıq olmadıqda- qoyunlar qarı eşələyərək onun altında yem tapıb yeyə bilirlər. Qar örtüyü qalın olan sahələrə əvvəlcə atları, sonra qoyunları buraxmaq lazımdır. Qoyunlar soyuq havalarda binada suvarılır və yemlənir. Yem qablarına yalamaq üçün duz qoyulmalıdır. Qaba yemlər və silos tayada verilir. Qaba yem tayası və silos barmaqlıqla əhatə olunur. Qoyunlar otlaqda və xal-xalda saxlandıqda onların qar üzərində uzanmasına yol verilməməlidir. Suvarmadan qabaq qoyunlara sulu-şirəli, suvarmadan sonra isə konsentrat yemlər verilməlidir. Silos təzə, meyvəköklər isə təmizlənmiş və doğranmış halda verilməlidir. Küləkli havalarda un qarışıq yemlər azacıq isladılmalıdır.
Qış-payız otlaqlarında qoyunlara qarğıdalı silosu, qaba və konsentrat yemlərin verilməsi sürünün sağlamlığını artırır, məhsuldarlığını (yun, süd) yüksəldir, heyvanların yaxşı inkişaf etməsinə səbəb olur.
Hazırda qoyunların saxlanmasında köçəri otlaq sistemi tətbiq olunur. Bu sistemdə qoyunlar yay otlaqlarından, payız-qış otlaqlarına və ya dağ-otlaqlarından aran otlaqlarına 200-300 km-ə qədər yol gedirlər.
Qoyunları payız-qış otlaqlarında saxladıqda, yaxud bir otlaqdan digər otlağa keçirdikdə onlar yem və su ilə təmin edilməli, soyuqdan, qardan, yağışdan, küləkdən, yoluxucu və parazitar xəstəliklərdən qorunmalıdır.
Qoyunları hər hansı bir otlağa keçirmək üçün 1-1,5 ay əvvəl lazımi hazırlıq işləri görülməlidir. Hazırlıq işləri aşağıdakılardan ibarətdir: sürülər təşkil edilir; hər bir sürüyə çobanlar təhkim olunur; sürünün köklük dərəcəsi yoxlanır; zəif, xəstə və arıq qoyunlar ayrılır; sürü yoluxucu və parazitar xəstəliklərə görə yoxlanır; qoyunlarda peyvəndləmə və dehelmentizasiya (qurda qarşı mübarizə) tədbirləri aparılır; köç marşrutu müəyyən edilir; sürünün sağlamlığı haqda lazımi sənədlər və sürünün gedişi üçün müəyyən qrafik, vaxt cədvəli tərtib edilir. Qrafik ona görə lazımdır ki, bir-birinin arxasınca gedən qoyun sürüləri baytarlıq nəzarət məntəqələrində, suvarma və yemləmə yerlərində toplanıb qalmasın. Bu yerlərdən vaxtaşırı keçən qoyun sürüləri üzərində ciddi baytarlıq nəzarəti qoyulur.
Qoyunlar bir gündə 8—12 km-dən artıq yol getməməlidir. Onlara hər 3 saatdan bir 1—1,5 saat istirahət verilməlidir. Bir yerdən başqa yerə gedən sürüyə birinci gün sutkada 10-12 saat, 10-15 gündən sonra isə 2-3 günlük istirahət verilməlidir. Dayanma məntəqələrində qoyunlar əlavə yemlənməli və suvarılmalı, zəif qoyunlara isə konsentrat yemlər verilməlidir. Konsentrat yemləri, dərman maddələrini, yeni doğulmuş quzuları və xəstə qoyunları daşımaq üçün hər sürünün ayrıca nəqliyyatı (araba və ya yük avtomobili) olmalıdır. Yayda qoyunlar gündə 2-3 dəfə suvarılmalıdır.
Qışlaqlarda müvafiq tövlələr və ehtiyat yemlər (silos, qaba yem, arpa, qarışıq, dən və mineral yemlər) olmalıdır. Su mənbələri qaydaya salınmalıdır. Bina avadanlıqla təmin edilməli, doğum şöbəsi, quzu küzləri, yeni doğmuş qoyunlar üçün isti bölmə olmalıdır.
Otlaqlar yem bitkilərinə və yemin keyfiyyətinə görə sürülər arasında bölüşdürülür. Qışda qoyunlar üçün şoranlı və yovşanlı otlaqlar ayrılır.
Payızda və qışın başlanğıcında əvvəlcə fermadan uzaq, tez qar düşən sahələr, soyuq günlərdə isə fermaya yaxın otlaqlar otarılmalıdır. Çox soyuq, boranlı və küləkli günlərdə qoyunlar tövlələrdə, çardaqlarda, yaxud həyətlərdə yemləndirilməli və ilıq su ilə suvarılmalıdır.
Boğaz (doğuma 1 ay qalmış və doğumdan 1 ay sonra), zəif, xəstə və arıq qoyunlar isti binalarda və ya həyətlərdə yemləndirilməlidir.
Qışda qoyunları soyuqdəymə, mədə-bağırsaq xəstəliklərindən və boğaz qoyunları bala salmaqdan qorumaq üçün onların suvarılmasına düzgün əməl edilməlidir. Qışda qoyunlar günün ikinci yarısında (saat 15-16- da) qruplarla (50—60 baş) suvarılmalıdır. Təknələrdə və ya suvarma məntəqələrində suyun üzərində buz olarsa, onu qırmaq və üzərinə isti su əlavə etmək, suvarma yerlərinin ətrafını qardan təmizləmək lazımdır.
Qışda qoyunları otlağa və ya suvarılmağa apararkən səs-küyə, nəqliyyat (avtomobil) hərəkətinə yol verilməməlidir. Qoyunlar pəyənin külək tutmayan tərəfindən çıxarılmalıdır. Qapıdan qoyunların çıxmasına çobanlar nəzarət etməli və onların hərəkətini nizamlamalıdırlar. Vaxtaşırı sürü zoobaytar müayinəsindən keçirilməli, onların köklük dərəcəsi yoxlanmalıdır. Qotur və nekrobakterioz xəstəliyi olan qoyunlar sürüdən ayrılmalı və müalicə edilməlidir. Çobanlar qoyunların uzanmış dırnaqlarını baytarlıq mütəxəssislərinin göstərişi ilə kəsməli və onların gözlərinin üstünə düşən yunu qırxmalıdırlar. Yuna yapışan tikanlı toxumlar təmizlənməlidir.
Pəyənin sanitar-gigiyenik qaydaları gözlənilməlidir. Yüksək nəmliyə və rütubətə yol verilməməlidir. Qoyunların altına təmiz və quru döşənək səpilməlidir.
Sürülər qış düşərgələrinə gətirilməmişdən əvvəl tövlələr, xalxallar, quzu küzləri və onların ətrafı təsərrüfat sahibləri tərəfindən mexaniki təmizlənməli və ərazi baytarlıq xidməti tərəfindən qarşılıqlı müqavilə əsasında dezinfeksiya, dezinseksiya və deratizasiya edilməlidir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024