Quba rayonunun II Nügədi kəndində yerləşən Altay Zulbalayevə məxsus maldarlıq təsərrüfatında heyvandarlıq sahəsində fəaliyyət göstərən bir qrup fermerə və kənd sakininə “İribuynuzlu heyvanlarda bruselyoz və qurd xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda təlim keçirilib.
Təlimdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin (AXA) Quba rayon Baytarlıq İdarəsinin rəisi Fərman Əhmədov bruselyozun kənd təsərrüfatı və vəhşi heyvanların, eləcə də insanların xroniki gedişli yoluxucu xəstəliklərindən biri olduğunu bildirib: “Xəstəlik heyvanlarda balasalma və sonun ləngiməsi ilə xarakterizə olunur, lakin çox fərqli klinik əlamətlər də müşahidə olunur. İnsanlar üçün daha təhlükəli brusella melitensis növü sayılır (qoyunlarda xəstəliyin törədicisi). Qaramalda br.abortus növü xəstəliyi törədirlər. Əksər hallarda heyvanlarda xəstəlik latent (gizli) keçir. Qaramalda çox vaxt boğazlıqdan 4 ay sonra müşahidə olunan balasalmalar baş verir. Balasalmadan sonra əksər heyvanlar dölsüzləşir (mayalanma xassəsi itir). Erkək heyvanlarda orxit və epididimit inkişaf edir”.
Fermer və kənd sakinlərinin iştirak etdiyi təlimdə bruselyoz və qurd xəstəliklərinin etiologiyası, patogenizi, kliniki əlamətləri, davamlığı və mübarizə tədbirləri barədə geniş məlumat verilib. Bildirilib ki, heyvanlarda bruselyoz xəstəliyinin diaqnostikası, profilaktikası və ləğvinin dövlət vəsaiti hesabına, lakin qurd xəstəliklərinə qarşı aparılan tədbirlər isə vətəndaşın öz vəsaiti hesabına aparılır.
Təlimdə bruselyoz xəstəliyinin profilaktikasından məlumat verilərək bildirilib ki, əsas profilaktik tədbirlər təsərrüfata törədicinin kənardan gətirilməsinin qarşısını almağa yönəldilməlidir. Çox vaxt xəstəliyin törədicisi yeni alınan heyvanlar vasitəsilə daxil olduğundan belə heyvanlara ciddi nəzarət edilməlidir. Törədici təsərrüfata, həmçinin yem vasitəsilə də gətirilə bilər. Xəstə heyvanlarla birlikdə suvarma və ya otlama zamanı da yoluxma mümkündür. Xəstəlik baş verdikdə təsərrüfata karantin qoyulur, tədbirlər planı müəyyən edilir. Xəstəlik ocağının söndürülməsi üçün ən etibarlı üsul-heyvanların hamısının təcili kəsimə verilməsi və təsərrüfatın dezinfeksiya edilməsidir.
Təlimdə arıq heyvanların kök və gümrah heyvanlara nisbətən qurd xəstəliklərinə daha çox həssas olduğu bildirilib. Vurğulanıb ki, arıq heyvanların saxlanma şəraitini, yemlənmə və bəslənməsini yaxşılaşdırmaqla onların qurd xəstəliklərinə qarşı davamlılığını, imunitetini artırmaq mümkündür. Bildirilib ki, parazit yaşadığı orqanizmə heç bir xidmət göstərmədən onun toxuma şirəsi və həzm etdiyi qida hesabına yaşayır. Toksiki və mexaniki təsir nəticəsində sahib orqanizmində maddələr mübadiləsinin, qan təzyiqinin və onun laxtalanma qabiliyyətinin pozulması, sonsuzluq, cinsi zəiflik, bağırsaq divarında tıxanma və keçməməzlik, daxili orqanlarda zədələnmələr, iltihablar, şişkinlik, nekrozlaşma, atrofiyalaşma kimi təhlükəli patoloji proseslərin baş verməsinə səbəb olur. Parazitlər bir orqandan digərinə hərəkət etməklə infeksiya amili üçün yol açır.
Xəstəliklər barədə geniş məlumat verildikdən sonra təlimdə vurğulanıb ki, hazırda bruselyozun spesifik profilaktikası üçün ölkəmizdə “S-19” saylı və “Rev-1” ştammlarından hazırlanmış vaksinlərdən istifadə olunur. Cari il ərzində Quba rayonunda 27562 baş xırdabuynuzlu (Rev-1 vaksini) və 6087 baş iribuynuzlu (S-19 vaksini) heyvanda bruselyoz xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Eləcə də qeyd edilib ki, cari ildə Qubada 10000 baş quşda askaridioz, 17100 baş iribuynuzlu, 2200 baş xırdabuynuzlu heyvanda fassiolyoz, 69000 baş xırdabuynuzlu heyvanda monezioz və digər qurd xəstəliklərinə qarşı müalicə işləri həyata keçirilib.
Təlim çərçivəsində heyvanların qışlamaya hazırlığından, qan-parazitar və qurd xəstəliklərinə qarşı aparılan mübarizə tədbirlərindən ətraflı danışılıb. Fermerlərin və kənd sakinlərinin qatıldığı təlimdə xəstəliklərin qarşısının alınması və onların idarə olunması, mövsümlə əlaqədar qeydə alınan xəstəliklər və onlarla mübarizə üsulları, heyvanların cins tərkibinin yaxşılaşdırılması, yemləmə, bəsləmə qaydaları, profilaktik tədbirlərin vaxtlı-vaxtında icrası və digər mühüm əhəmiyyətə malik məsələlər barədə məlumatlar verilib.
Təlim geniş diskussiya və müzakirə şəraitində keçib, fermerlərin sualları ətraflı cavablandırılıb.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024