2019-cu ilin yanvar ayının ilk günlərindən başlayaraq Quba rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, Quba rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Quba Rayon Baytarlıq İdarəsinin 19 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.
Hazırda Quba Rayon Baytarlıq İdarəsi vətəndaşların xüsusi mülkiyyətində olan 63 min baş iribuynuzlu, 250 min baş xırdabuynuzlu, 4 min baş təkdırnaqlı heyvan, 6 min baş it və 250 min başdan artıq ev quşuna baytarlıq xidməti göstərir.
Hazırda Quba Rayon Baytarlıq İdarəsi tərəfindən cari ilin ilk günlərindən başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 62115 baş iribuynuzlu, 4645 baş təkdırnaqlı heyvanda qarayara, 5851 baş sahibli itdə quduzluq, 102369 baş quşda (“H” vaksini ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.
Fevral ayından Quba rayonu ərazisində saxlanılan iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 62120 baş iribuynuzlu və 59204 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Mart ayının ilk günlərindən isə Quba Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 30 min baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 6062 baş iribuynuzlu, 30 baş xırda buynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilməsi üçün laboratoriyaya göndərilib. Bununla yanaşı, 2481 baş təkdırnaqlı heyvan manqoya görə diaqnostik müayinələrə cəlb olunub. Eləcə də 370 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri görülüb.
Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Quba rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda nodulyar dermatit, leptospiroz, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024