Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti quşçuluqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, quşçuluqda çox geniş yayılmaqla, təsərrüfatlara böyük iqtisadi zərər verən parazitar xəstəliklərdən biri də toyuqların askaridiozudur. Quşçuluqda askaridioz xəstəliyinin qarşısını almaq üçün fermerlər, sahibkarlar və quşçuluqla məşğul olan insanlar aşağıda qeyd olunan tövsiyələrə əməl edərlərsə, quşlar arasında baş verə biləcək askaridioz xəstəliyinin qarşısını almış olarlar.
Qeyd edək ki, askaridioz xəstəliyinə ev toyuqları, hind toyuqları, quluxarlar və bəzən qazlar və ördəklər də tutulurlar.
Askaridioz xəstəliyinə ən çox cücələr həssasdırlar. Bir yaşdan yuxarı toyuqlar yaxşı yemləndikdə və bəsləndikdə askaridioz xəstəliyinə yoluxmurlar. Askaridlər toyuqların bağırsağında 9-12 ay yaşayır və xarici mühitə tökülməklə ilin isti aylarında 6-6,5 aya qədər yaşaya bilirlər.
Yağış qurdları (soxulcanlar) askarid sürfələrini öz bədənində gəzdirir və quşların askaridilərlə yoluxmasında aralıq sahib kimi iştirak edirlər.
Askaridiozun baş verib yayılmasına quşların saxlanma, bəslənmə texnologiyası da təsir göstərir. Qəfəslərdə saxlanan quşlar yaşından asılı olmayaraq helmintlərlə yoluxmurlar.
Askaridilə yoluxmadan 10—14 gün sonra cücələrin pipiyi solğunlaşır, selikli qişalar anemiyalaşır. Həzm prosesi pozulur, qəbizlik və ya ishal baş verir, qanadları aşağı düşür. Cücələr arıqlayırlar, zəifləyir və xəstəliyin 14-cü gününədək tələf olurlar. Yemdə A və B vitaminlərinin çatışmaması cücələrin askaridioza qarşı müqavimətini azaldır və onlar daha tez yoluxurlar.
Adi quşçuluq fermalarında askaridiozun geniş yayılması üçün daha əlverişli şərait olduğuna görə belə təsərrüfatlarda vaxtlı-vaxtında profilaktika tədbirləri aparılmalıdır. Gəzinti sahələri və quş damları təmiz saxlanmalı, quş damlarının döşənəkləri quru olmalıdır.
Döşənəklər və quşların ifrazatı biotermiki və termiki üsulla zərərsizləşdirilməlidir. Binalar və avadanlıqlar müntəzəm olaraq dezinfeksiya edilməlidir. Quş damlarının girəcəyində dezobaryerlər düzəldilməlidir. Düşərgə şəraitində quş damlarının yeri hər il dəyişdirilməlidir. Cavan quşlar yaşlı quşlardan ayrı saxlanmalıdır. Quşları keyfiyyətli yemlərlə yemləmək lazımdır.
Yem anbarlarına vəhşi quşların daxil olmasına yol verilməməlidir.
Toyuqlarda askaridioz və heterakidoz xəstəlikləri çox vaxt yanaşı baş verir. Buna görə də askaridlərə qarşı müvafiq dərman preparatları qarışıq formada tətbiq edilir. Bu dərman qarışığı ən çox yoluxma dövründə quşlara həftədə bir dəfə yemlə yedizdirilir.
Xəstəliyin qarşısını almaq məqsədilə cavan quşlar mütləq dehelmintizasiya edilməlidir. Profilaktiki dehelmintizasiyalar quşçuluq fabriklərində xəstəlik aşkar edildikdə, ailə fermalarında hər ay, zəif yoluxma zamanı isə hər 2—3 aydan bir təşkil edilməlidir.
Quşların askaridiozuna qarşı profilaktik-müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.
Təsərrüfat sahiblərinin və quşçuluq təsərrüfatlarında çalışanların bir daha nəzərinə çatdırırıq ki, quşlarda, xüsusilə körpə cücələrdə yuxarıda qeyd edilən əlamətlər müşahidə edildikdə və quşlarda ümumi halsızlıq zamanı mütləq şəkildə sahə baytarlıq məntəqəsinin baytar həkimlərinə müraciət etsinlər.
Dövlət Baytarlıq Xidməti bildirir ki, quşlarda askaridioz xəstəliyinə qarşı aparılan profilaktika və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024