Rusiya Federasiyasından Azərbaycan Respublikasına idxal olunan ərzaqlıq buğda məhsulunda karantin tətbiq edilən alaq bitkisinin toxumları aşkar edilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişləri Rusiya Federasiyasından idxal edilən ümumi çəkisi 1636.02 ton olan ərzaqlıq buğda məhsuluna baxış keçiriblər. Baxış zamanı məhsuldan götürülmüş nümunələr ekspertiza üçün Respublika Karantin Ekspertiza Mərkəzinin Herbologiya laboratoriyasına təqdim olunub. Laboratoriyada həyata keçirilən ekspertiza zamanı məhsulda karantin tətbiq edilən alaq bitkisi - sürünən kəkrə (Acroptilon repens (L.) DC) toxumları aşkar olunub.
Sirayətlənmiş buğda məhsulunun xüsusi aqreqatlar vasitəsilə təmizlənməsi, ayrılmış çıxarın alaq toxumları ilə birlikdə yandırılması nəzərdə tutulub. Fitosanitar tədbirlər sistemi həyata keçirildikdən və məhsul alaq toxumlarından tam təmizləndikdən sonra təyinatı üzrə istifadəsinə icazə veriləcək.
Sürünən kəkrə əsasən əkin sahələrini, bağları, çəmənləri və otlaqları alaqlandırır. Bitki payızlıq buğdadan 2-5 dəfə artıq qida maddələri mənimsəyir. Kök sistemi tərəfindən ifraz edilən toksiki maddələr mədəni bitkilərə təsir edir. Kəkrə toxumları əsasən taxıl və ot bitkilərinin toxumları və ot küləşi ilə, səbətcikləri isə su vasitəsilə yayılır.
Sürünən kəkrə 25–60 sm hündürlükdə kökümsov gövdəli çoxillik bitkidir. Toxumla, kök pöhrələri və kökümsovlarla çoxalır. Gövdəsi düz, tilli, hörümcək torlu, tiftikli, əsasına qədər budaqlıdır. Yarpaqları növbəli, oturaq, kənarları bütövdür. Çiçəkləri çəhrayı olub, səbətciklərdə yerləşir. Səbətciklər tək–tək, dairəvidir, 1–1,25 sm diametrdə olub, budağın sonunda yerləşir. Hər səbətcikdə 2–26 toxum, bir bitkidə 700-ə qədər səbətcik ola bilər. Səbətcikdəki bütün çiçəklər eyni ölçülü, ikicinsli, boruşəkilli və çəhrayı çələnglidir.
Alaq otu yeni ərazilərə bir qayda olaraq bitki məhsulları ilə daşınır. Bunun qarşısını almaq üçün fitosanitar karantini tətbirlərinə ciddi əməl edilməli və toxumların yeni ərazilərə yayılmasının qarşısı alınmalıdır.
Karantin bitki ilə güclü sirayətlənmiş ərazilərdə qara herik bitkisinin çovdar, yulaf, arpa, qarğıdalı, yonca və digər inkişaf edən bitkilərlə uyğunlaşdırılması səmərəlidir. Qara herik istifadə edilən ərazinin ən azı 20-25%-ni əhatə etməlidir.
Cənub rayonlarında sürünən kəkrə ilə mübarizə aparmaq üçün 3 il müddətində çəltik əkilməsi tövsiyyə olunur. Məhsul yığıldıqdan sonra kövşən üzlənməli, şum ərazi üçün optimal müddətdə aparılmalı və növbəli əkin sistemindən düzgün istifadə olunmalıdır.
Son illər adıçəkilən alaq otuna qarşı qlifosat sistüm təsirli herbisidlərdən istifadə edilir. Bu preparatlar əkin aparılmamış sahələrdə tətbiq edilir, torpaq dərmanlamadan 2-3 həftə sonra şumlana bilər. Tətbiqindən 2 həftə sonra həmin sahəyə istənilən bitkini əkmək olar.
Taxıl məhsulları, bostan və texniki bitkilər əkilmiş sahələrdə məhsul yığımından sonra, meyvə bağlarında, üzümlüklərdə isə yazda və yayda inkişafda olan alaqlara qarşı Tornado (4-6 L\\Ha), Knok-out (3,0-6,0 L\\Ha) herbisidlərindən birini (mədəni bitkiləri qorumaq şərti ilə) istifdə etmək tövsiyyə olunur.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024