2019-cu ilin ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə ərazisində \"Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı\"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlərin aparılmasına start verib. Samux Rayon Baytarlıq İdarəsi də rayon ərazisində mülkiyyət formasından asılı olmayaraq təsərrüfatlarda saxlanılan heyvanlarda xəstəliklərin qarşısının alınması istiqamətində aparılan profilaktik tədbirləri davam etdirir. Aparılan tədbirlərin nəticəsidir ki, rayonda epizootoloji sabitlik qorunaraq saxlanılıb.
Samux Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ildə 6 sahə baytarlıq məntəqəsi vasitəsilə 36 kənd və qəsəbədə 23515 baş iribuynuzlu heyvanda, 147177 baş xırdabuynuzlu heyvanda və 2700 baş təkdırnaqlı heyvanda, 150000 başa qədər ev quşları və 3000 baş sahibli itlərdə peyvəndləmə, diaqnostik və seroloji müayinələrin aparılması nəzərdə tutulur.
Hazırda rayonun baytarlıq mütəxəssisləri iribuynuzlu heyvanlardan qan alaraq bruselyoza görə müayinənin aparılmasını təmin edir və qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirini aparırlar. Bununla bərabər sahibli itlərdə quduzluq xəstəliyinə qarşı vaksinasiya işləri həyata keçirirlər. Tədbirdən sonra ərazilər və avadanlıqlar dezinfeksiya olunur. İribuynuzlu heyvanlarda qarayara xəstəliyinə qarşı aparılan tədbirin fevral ayının sonunda başa çatdırılması nəzərdə tutulub.
Aparılan tədbirlər çərçivəsində rayonun “Bozdağ” Müasir Heyvandarlıq Kompleksində 3266 baş damazlıq heyvanda və ayrı-ayrı təsərrüfatlarda saxlanılan 1800 başdan artıq iribuynuzlu heyvanda və 320 baş təkdırnaqlı heyvanda qarayara, 428 baş sahibli itdə quduzluq əleyhinə peyvəndləmə tədbirləri aparılıb. Eləcə də 248 baş iribuynuzlu heyvandan bruselyozun müayinəsi üçün qan nümunəsi götürülərək 200 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb.
Qeyd edək ki, 2018-ci il ərzində rayon ərazisində bruselyoz xəstəliyini aşkar edilməsi, xəstəliyin qarşısının alınması məqsədi ilə 5512 baş iribuynuzlu heyvandan, 2197 baş törədici qoçlardan qan nümunələri götürülərək müayinə olunub. Bununla bərabər 22787 baş iribuynuzlu, 4928 baş cavan iribuynuzlu, 148902 baş xırdabuynuzlu, 2718 baş təkdırnaqlı heyvanlar qarayara, 2988 baş sahibli itdə isə quduzluq əleyhinə peyvəndləmə aparılaraq 77777 kvadratmetr sahədə profilaktik, 5050 kvadratmetr sahədə məcburi dezinfeksiya və 24850,4 kvadratmetr sahədə isə dezinseksiya işləri aparılıb.
Tədbirlərin icrası müddətində vətəndaşlar baytar həkimləri tərəfindən məlumatlandırılaraq, maariflənmə işləri aparılıb, heyvanların yemlənmə, bəslənmə şəraitinin yaxşılaşdırılması və qaydalara ciddi əməl olunması tövsiyə olunub.
Samux rayonunda bundan sonra epizootik tədbirlər planına uyğun olaraq ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, brusellyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələrinin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti tərəfindən rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.
Hazırda iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024