“Şəhərdən Kəndə” layihəsi çərçivəsində ilk tur İsmayıllı rayonunun Təzəkənd kəndinə təşkil olunub. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar tədarük və təchizat” ASC və “Backpack” turizm şirkətinin birgə təşkil etdiyi tur iştirakçılarına unudulmaz anlar yaşadıb. Avqustun 31-də baş tutan turun iştirakçıları İsmayıllı rayonunun gözəllikləri ilə yanaşı kənd həyatı və yerli əhalinin həyat tərzi ilə də yaxından tanış olub, çoxdan arzuladıqları kənd evində kənd məhsulları ilə səhər yeməyi və nahar arzularını gerçəkləşdiriblər.
Qeyd edək ki, Təzəkənd kəndi 1936-cı ildə rayonun bir neçə ucqar dağ kəndlərindən köçmüş əhali tərəfindən salınıb. Kənd əhalisinin əsas məşğuliyyəti taxılçılıq, heyvandarlıq, meyvəçilik, bostançılıq, üzümçülükdən ibarətdir. Kənddə yerləşən Vəlbinə gölü həm yerli əhali, həm də turistlər üçün əsl istirahət məkanıdır. Gölə səfər edən səyahətsevərlər balıq tutmaq həyəcanını da yaşayıblar.
Tur çərçivəsində iştirakçılar yerli fermer təsərrüfatlarına səyahət edib müxtəlif tərəvəzlərin (pomidor, xiyar, lobya, bibər, reyhan və s.) becərilməsi, yığılması, qablaşdırılmasında, həmçinin təsərrüfatda saxlanılan ev heyvanlarının bəslənməsində iştirak ediblər. Kənd həyatından və təsərrüfat işlərindən həzz alan tur iştirakçılarına yerli təsərrüfat sahibi tərəfindən sacda qutab hazırlanması master klassı da keçilib.
Tur iştirakçıları İsmayıllıdan sonra ölkəmizdə ilk dəfə keçirilən Üzüm və Şərab Festivalında iştirak etmək üçün Şamaxı şəhərinə yola düşüblər. Onlar Şamaxının Meysəri kəndində yerləşən “Şirvan” şərabçılıq təsərrüfatı ərazisində yerli və xarici üzüm sortlarından ibarət üzüm bağlarını gəzib, təbii şəraitdə yetişdirilən üzümlərin əl əməyi ilə yığılmasında iştirak ediblər. Kompleksin ərazisində yerləşən şərab zavodunda iştirakçılar yerli şərablar və onların hazırlanması prosesi ilə yaxından tanış olublar.
Xatırladaq ki, “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” layihəsinin əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarının istehsal etdiyi kənd təsərrüfatı məhsulları üçün alternativ satış kanalları yaratmaq, regionlarda yaşayan əhalinin sosial rifahını yüksəltmək, şəhər əhalisinin və xarici turistlərin asudə vaxtlarını daha da maraqlı keçirməsinə töhfə verməkdir.
Layihə çərçivəsində növbəti tur isə 8 sentyabr tarixində Şamaxı şəhərinə baş tutacaq. Bu dəfə iştirakçılar Şamaxının məşhur üzümçülük təsərrüfatlarını gəzəcək, üzüm yığımında iştirak edəcəklər. Turda iştirak etmək istəyənlər +994502033247 telefon nömrəsinə zəng edə və ya “Şəhərdən Kəndə” layihəsinin sosial media hesablarına yaza bilər.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024