• Ana səhifə
  • Xəbərlər
  • ŞƏKİ VƏ İSMAYILLIDA YOLUXUCU XƏSTƏLİKLƏRƏ QARŞI PEYVƏNDLƏMƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
ŞƏKİ VƏ İSMAYILLIDA YOLUXUCU XƏSTƏLİKLƏRƏ QARŞI PEYVƏNDLƏMƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR

Epizootik vəziyyətlə tanış olmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədr müavini Bayandur Rzayev İsmayıllı və Şəki rayonlarında səfərdə olub. O, heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmələrlə maraqlanıb və təsərrüfat sahibləri ilə görüşüb.

Respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində görüləcək tədbirlər barəsində baytarlıq idarələrinə müvafiq tapşırıq və göstərişlər verilib.

Səfər çərçivəsində Şəki rayonunda yerləşən Azərbaycan Sənaye Korporasiyasına (ASK) məxsus heyvandarlıq kompleksinə gələn sədr müavini iribuynuzlu heyvanların saxlama, yemləmə şəraiti, müxtəlif xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirləri ilə tanış olub.

Bildirilib ki, 47 hektar ərazidə yerləşən heyvandarlıq kompleksi 2008-ci ildə yaradılıb. Kompleksdə 1370 baş heyvan saxlanılır, onlardan 510 başı sağılır. Təsərrüfat südlük istiqamətində inkişaf etdirilir. Heyvanlar Hollandiyadan gətirilən “Holştein Friesian” cinsinə aiddir.

Kompleksin tərkibinə ferma binaları, pendir sexi, doğum, sağım və buzovluq bölmələri, yem istehsalı sahəsi, əkinçilik təsərrüfatı, peyin emalı sexi və digər köməkçi sahələr daxildir. Kompleksdə südlük məqsədi ilə saxlanılan heyvanlar, yeni doğulmuş buzovlar, ferma və sağım sistemi avadanlıqları, kənd təsərrüfatı texnika və aqreqatları haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, kompleksdə istehsal edilən ekoloji təmiz süd və süd məhsulları təsərrüfata məxsus mağazada satışa çıxarılır və alıcılara təqdim olunur.

Hazırda kompleksdə 85 nəfər çalışır. Gündəlik 12 ton süd istehsal edilir. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması, məhsuldarlığın artırılması və ərazinin genişləndirilməsi nəzərdə tutulub.

Süd sağımı sexindəki bütün avadanlıqlar Hollandiyadan gətirilib. Sağılmış süd xüsusi borularla çənlərə vurulur, müayinə edildikdən sonra satışa çıxarılır. AXA-nın sədr müavini kompleks əməkdaşlarının müraciətini, arzu və təkliflərini dinləyib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verib, eləcə də baytar həkiminin iştirakı və tövsiyəsi olmadan heyvanlar üzərində müalicə, peyvəndləmə və profilaktik tədbirlərin aparılmasının yolverilməz olduğunu qeyd edib.

Bildirilib ki, bir sıra təsərrüfatlarda vətəndaşlar heyvanları çimizdirərkən təlimata əməl etmir və baytar həkiminə məlumat vermədən özləri tərəfindən əvvəlcədən alınmış və uzun müddət şəraitsiz yerdə saxlanılmış dərman maddələrindən istifadə edirlər. Bu da son nəticədə heyvanlar arasında zəhərlənməyə və ölüm hallarının baş verməsinə gətirib çıxarır. Agentliyin sədr müavini fermerlərin, təsərrüfat sahiblərinin müraciətlərinin sahə baytarlıq məntəqələri və baytarlıq idarələri tərəfindən qəbul edilərək çevik və vaxtında cavablandırıldığını vurğulayıb.

Görüşdə Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən baytarlıq tədbirləri barədə məlumat verilib və hazırda respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə müvafiq tədbirlər görüldüyü bildirilib.