Şəkidə “Azərbaycanda tütünçülüyün inkişaf etdirilməsi və beynəlxalq təcrübənin tətbiqinin perspektivləri”nə həsr edilmiş elmi-praktiki konfrans keçirilib. Tədbir Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu və onun strukturuna daxil olan Şəki Dayaq Məntəqəsinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransda Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) alim və mütəxəssisləri, bölgənin tütünçülüklə məşğul olan fermerləri, eləcə də respublikada tütün istehsalı və emalı ilə məşğul olan şirkətlər iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Şəki DAİM-in direktoru Mehman Yusifov kənd təsərrüfatının, xüsusilə tütünçülük sahəsinin ölkə iqtisadiyyatında strateji sahələrdən biri olduğunu, ümumi tütün əkinlərinin 90%-dən çoxunun Şəki-Zaqatala iqtisadi rayonun payına düşdüyünü bildirib. O, cari təsərrüfat ilində Şəki rayonunda tütün əkini sahələrinin mövcud vəziyyəti və bu sahədə qarşıda duran vəzifələrə toxunub. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai “Azərbaycanda tütünçülüyün elmi əsaslarla inkişaf etdirilməsində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun qarşıda duran vəzifələri” mövzusunda çıxış edib. O, tütünçülüyə dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlər planında institutun qarşısında duran vəzifələr, tütünçülük sahəsinin strateji istiqamətləri, tədqiqat prioritetləri, Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə Fransanın Berjerak Toxum və Seleksiya Şirkəti arasında bağlanılmış elmi əməkdaşlığa dair müqavilənin müddəalarına toxunub.
“Azərtütün ASK” MMC-nin direktoru Cavid Ağamalıyev təmsil etdiyi qurumun respublikanın şimal-qərb rayonlarında bazarın tələbinə uyğun olaraq əsasən ətirli “Virciniya” tipli tütün sortlarına daha çox üstünlük verdiyini qeyd edib. O, cari ildə quru tütün istehsalının proqnozları, Şəki-Zaqatala iqtisadi rayonunda tütün emalı müəssisələrinin rəqabətqabiliyyətli tütün istehsalı ilə bağlı fəaliyyəti, tütünün tədarükü ilə əlaqədar fermerlərlə bağlanılmış müqavilələr haqqında tədbir iştirakçılarına məlumat verib.
Daha sonra “Azərtütün ASK” MMC-nin baş aqronomu Hacı Hacıyev “Tütünçülüyün inkişafında innovativ texnologiyaların rolu”, Şəki Dayaq Məntəqəsinin direktoru Məjlum Şükürovun “Şəki Dayaq Məntəqəsinin tütünçülüklə bağlı elmi və təsərrüfat fəaliyyəti”, tütünçü alim Bəhlul Abbasov “Tütün seleksiyası üzrə əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələr” mövzularında məruzə ilə çıxış edib.
Fransanın Berjerak Toxum və Seleksiya Şirkətinin mütəxəssisi, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə ekspert qismində Azərbaycanda səfərdə olan Nikolas Fransois “Fransada tütünün seleksiyası və müasir standartlar” mövzusunda təqdimat edib. O, fermerlərin yüksək reproduksiyalı tütün toxumları və şitilləri ilə təmin edilməsi üçün beynəlxalq standartlara uyğun toxumçuluq sisteminin qurulması, becərmə və qurutma texnologiyalarının aparılmasının vacibliyi, praktiki innovativ seleksiya metodlarının üstünlüklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra konfrans iştirakçıları Şəki Dayaq Məntəqəsinin tarla şəraitində yerli və xarici tütün sortlarının nümayiş əkinləri ilə tanış olublar. Konfrans konstruktiv şəraitdə keçib, mövzu ətrafında geniş müzakirələr aparılıb və fermerlərin sualları ətraflı cavablandırılıb.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024