Hazırda respublikanın aqrar sahəsində müasir, innovativ texnika və texnologiyaların tətbiqinə geniş yer verilir. Bu baxımdan torpağın minimal becərilməsi və şumsuz becərmə texnologiyası daha səmərəli görünür.
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müşaviri İsrafil İsmayılov Şəki rayonunun Qudula kəndində əkinçilik sahəsində fəaliyyət göstərən yeli təsərrüfat sahibləri, fermerlər, kənd sakinləri və mexanizatorlarla görüş keçirib. “Aqrar sahədə innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi və şumsuz texnologiyanın tətbiqi ilə bağlı fermerlərin maarifləndirilməsi” mövzusunda çıxış edən İsrafil İsmayılov, müasir kənd təsərrüfatı texnikaları və müasir becərmə texnologiyası barədə məlumat verib.
Bu gün dünyada əkinçilik mədəniyyətinin daha da inkişaf etdirilməsi istiqamətində böyük işlərin görüldüyünü deyən ASC rəsmisi, bu tədbirlərin ağıllı kənd təsərrüfatı sisteminin yaradılması, rəqəmsal kənd təsərrüfatı texnika və texnologiyalarının, müasir innovativ texnologiyaların tətbiqi ilə bağlı olduğunu diqqətə çatdırıb. Müasir kənd təsərrüfatı texnikası sırasına daxil olan dərin şum aqreqatı (riper) barədə məlumat verən İ.İsmayılov, bu texnikanın torpağın şumsuz becərilməsi məqsədi ilə nəzərdə tutulduğunu bildirib: “İşçi gövdələrin sayından asılı olaraq bu aqreqatların markası dəyişir, yəni, 3-5-7-9-11 gövdəli ola bilirlər, en götürümü və torpağı yumşaltma dərinliyi dəyişir. Belə aqreqatlardan torpağı şumlamadan dərindən yumşaltmaq üçün istifadə olunur. Texnikanın və dərindən yumşaltmanın bir çox müsbət cəhətləri vardır. Hazırda dünyanın inkişaf etmiş ölkələrində əkinçilikdə şumsuz və minimal becərmə texnologiyaları geniş tətbiq edilir. Bu ölkələrdə əkin sahələrinin 70 faizi sıfır və minimal becərmə ilə becərilir”.
İ. İsmayılov bildirib ki, hazırda Azərbaycanda 3 və 5 gövdəli, 50-60 sm dərinlikdə yumşaldan riperlərdən geniş istifadə olunur. Onun sözlərinə görə, nümayiş edilən 5 gövdəli riperdə şahmat qaydasında düzülmüş gövdələr torpağı 50 sm dərinlikdə yumşaldır: “Ənənəvi şumlama zamanı torpağın 30-35 sm dərinliyində bərk lay yaranır. Bu texnikanın müsbət cəhəti odur ki, torpağın üst qatını aşağıya çevirmir və torpaqda uzun müddətli nəmliyin saxlanılmasına imkan verir. Torpaqda dərin qatlardan üst qata qədər nəmliyin saxlanılması və torpağın tənəffüs etməsi üçün şərait yaradır. İndi ölkəmizdə 10 minlərlə hektar sahədə şumsuz texnologiya tətbiq edilir. Yaxın gələcəkdə bizim fermerlər də torpağı şumlamadan, “şumsuz əkin texnologiyası”na keçməlidirlər. Bu texnologiya həm də izafi xərclərin qarşısını alır, həm məhsulun maya dəyərini aşağı salır, həm əkinçilikdə məhsuldarlıqda yüksək nəticələr əldə edilməsinə imkan verir və həm də torpaq deqradasiyaya uğramır, yəni torpağın alt qatı bərkimir və bitkilərin inkişafı üçün münbit şərait yaranır. Bu texnologiya torpaqqoruyucu texnologiya kimi əhəmiyyətlidir”.
Görüşdə “Aqrolizinq” ASC rəsmisi fermerləri maraqlandıran sualları cavablandırıb, eləcə də elektron kənd təsərrüfatı sistemi, dövlətimizin subsidiya siyasəti, fermerlərin elektron qeydiyyatı və əkinlərin bəyan edilməsi barədə maarifləndirmə aparıb. Sonda fermerin sahəsində riperli aqreqatla sahə dərindən yumşadılıb, ağır diskli mala ilə torpaq kəltənləri dağıdılaraq səthi hamarlandırılıb və səpin aqreqatı ilə taxıl səpini həyata keçirilib.
1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb
31 Oktyabr 2024
Cəlilabad rayonunda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
31 Oktyabr 2024
“Bitki mühafizəsinin əsas problemləri və onların həllinin optimal yolları” mövzusunda onlayn tədbir keçirilib
30 Oktyabr 2024
Balakən rayonunda IV Xurma Festivalı keçirilib
29 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
29 Oktyabr 2024